Külli miqdarda vəsaiti dələduzluqla ələ keçirməkdə ittiham olunan mediator Türkər Əliyeva barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
Manset.az APA-ya istinadən xəbər verir ki, bu barədə bu gün Sumqayıt Şəhər Məhkəməsində qərar qəbul edilib.
Qərara əsasən, Türkər Əliyevanın himayəsində 3 azyaşlı və 1 yetkinlik yaşına çatmayan uşağının olması, uşaqlarını təkbaşına böyütməsi, vurulmuş ziyandan müəyyən məbləğdə geri qaytarılması və daimi yaşayış yerinin olması, himayəsində olan 4 uşağı ilə qeyd olunan ünvanda yaşaması, istintaq orqanından yayınmaması və yayınmaq niyyətini təsdiq edəcək heç bir sübutun məhkəməyə təqdim olunmaması, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması nəzərə alınıb, barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib.
Qeyd edək ki, dələduzluqda ittiham olunan Türkər Əliyeva mediator kimi fəaliyyət göstərir. O, Müdafiə Naziriyinin Tibb Baş İdarəsinin sabiq rəisi general-mayor Natiq Əliyevin qızıdır.
Türkər Əliyevaya Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 313-cü (Vəzifə saxtakaralığına təhrik etmə) maddələri ilə ittiham irəli sürülüb.
İttihama görə, o, torpaq sahəsinin sənədləşdirilməsinə kömək adı altında külli miqdarda pul alıb. Türkər Əliyeva Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin müavini, ehtiyatda olan general-mayor Ceyhun Rzayevin şikayəti üzrə prokurorluqda aparılan araşdırma çərçivəsində saxlanılıb.