Dneprdəki möcüzədən bataqlığa qədər: Ukraynada müharibə necə bitəcək? - 4 yeni senari

12:53 - 19 İyul 2022

Dneprdəki möcüzədən bataqlığa qədər: Ukraynada müharibə necə bitəcək? - 4 yeni senari

Barri Pavel

Brent Skoukroft Beynəlxalq Təhlükəsizlik Mərkəzinin vitse-prezidenti və direktoru

Piter Enqelke

Brent Skoukroft Beynəlxalq Təhlükəsizlik Mərkəzinin proqnozlaşdırma üzrə direktor müavini

Cefri Çimmino

Brent Skoukroft Beynəlxalq Təhlükəsizlik Mərkəzinin direktor müavini

Martın lap əvvəlində, Rusiyanın Ukraynanı işğal etməsindən az sonra biz müharibənin inkişafı üçün dörd senari hazırlamışdıq. Dörd ay sonra biz bütün variantları nəzərdən keçiririk.

Martın əvvəlində qeyd etmişdik ki, Ukraynaya beynəlxalq dəstək, Kiyevin mübarizə əzmi və yeni kəşf edilmiş transatlantik həmrəylik də daxil olmaqla, hər şeyin Qərbin xeyrinə çevrildiyini göstərən bir sıra amillər var. İndi iyul ayının ortalarıdır. Bu müddət ərzində Rusiyanın blitskriqi iflasa uğradı, transatlantik müttəfiqlər və tərəfdaşlar öz hərəkətlərində daha cəsarətlidir və NATO Finlandiya və İsveçi də "ələ keçirməyə” hazırlaşır.

Dörd aydan sonra biz bütün əvvəlki versiyaları yenidən nəzərdən keçirmək qərarına gəldik. Axı proqnozlaşdırma strateji vəzifədir və onun həyata keçirilməsində ilkin məlumatlara qayıtmaq tələb olunur. Fərziyyələr və senarilər real hadisələrə görə dəyişməlidir. Senarilər yanlış fərziyyələrə əsaslanırsa və ya yerdəki inkişaflara uyğun gəlmirsə, onlar ardıcıl strategiyalar hazırlamaq istəyən siyasətçilər üçün faydalı olmayacaq.

Beləliklə, gəlin ilkin dörd senarimizi nəzərdən keçirək və Ukraynadakı yeni hadisələrin fonunda onların dəyişiklərini təklif edək:

Senari №1: Dneprdə möcüzə

Martın əvvəlindəki senaridə biz gözlənilməz güclü Ukrayna müqavimətinin mümkünlüyünü proqnozlaşdırırdıq ki, bu da Rusiyanı Ukraynadan tez bir zamanda geri çəkilməyə məcbur edəcək. Bu senari indi möcüzə kimi görünmür, çünki bu gün Ukraynanın qələbəsi martın əvvəlində göründüyündən daha realdır.

İyul ayına görə proqnoz belədir: Qərbin Rusiyaya qarşı sanksiyaları və getdikcə daha çox ölümcül hərbi texnika ilə təmin edilməsi ilə güclənən Ukrayna Rusiyanın şərqdəki irəliləyişinə tab gətirir. Ukrayna Silahlı qüvvələri ən yaxşı texnikaya, liderlik və taktika üstünlüyünə malikdir, qoşunların əhval-ruhiyyəsi ən yüksək səviyyədədir və Ukrayna güclü əks-hücuma başlayır. Ukrayna Silahlı Qüvvələri Rusiya qoşunlarını işğal olunmuş Donetsk və Luqansk vilayətlərindən, eləcə də Ukraynanın cənubundan sıxışdırır: Mariupol və Azov dənizi boyunca yerləşən digər ərazilər geri alınır. Sonra Krıma hücum etməyə hazırlaşır.

Ukraynanın irəliləməsi Kremldən getdikcə daha kəskin eskalasiya təhdidləri ilə üzləşir. Bu təhdidlər artıq təkrar görsənsə də, Qərb və Ukrayna kəşfiyyat xidmətləri bu dəfə nüvə təhlükəsinə daha çox əhəmiyyət verirlər, çünki Krıma hücumun Moskva üçün əsl qırmızı xətt olduğunu bilirlər.

Bu, Rusiya və Ukraynanın müharibəyə son qoymaq üçün razılığa gəldiyi məqamdır. Ukrayna NATO-ya qoşulmamağa, Rusiya isə 2014-cü ilə qədər olan ölkənin sərhədlərinə (Krım istisna olmaqla, onunla bağlı qərar qeyri-müəyyən müddətə təxirə salınır) hörmət etməyə və Kiyevin Aİ-yə üzvlük istəkləri ilə razıdır. Rusiya prezidenti Vladimir Putin isə qələbə qazandığını iddia etməyə çalışır və diqqətini əldən gedən hakimiyyətini saxlamağa yönəldir.

Transatlantik ittifaq yenilənir. Moskva nüvə silahına malik dövlət kimi hələ də təhlükəlidir, lakin onun adi qüvvələri tükənib. Finlandiya və İsveç Alyansa qoşulur. Ümumiyyətlə, NATO üçün Avropanın təhlükəsizlik vəziyyəti yaxşılaşır, belə ki, Rusiya zəifləyib və gələcək hərbi avantüralardan çəkindirilir və NATO üzvləri arasında birlik daha da güclənir.

Senari №2: Bataqlıq

Martın əvvəlində qeyd edilən senaridə biz Rusiyanın Kiyevi ələ keçirməyə, Ukrayna rəhbərliyini devirməyə və marionet hökumət qurmağa nail olacağı ehtimalını proqnozlaşdırırdıq. Bununla belə, belə bir qələbə Rusiya üçün Pirr qələbəsi olardı, çünki ukraynalılar "geniş miqyaslı, yaxşı silahlanmış və yaxşı əlaqələndirilmiş üsyana” başlayardılar. Bu senari bu şəkildə inkişaf etməsə də, onun bəzi elementləri ola bilər. Xüsusilə, Ukraynada aşağı intensivlikli münaqişənin uzun illər davam etməsi ehtimalı var.

İyul ayına görə proqnozumuz belədir: Rusiya ilkin maksimalist hərbi məqsədlərinə nail ola bilməsə də, Ukraynanın şərqində və cənubunda yeni cəbhə xətləri yaratmağa, cənubda Krıma quru körpü saxlamağa və şərqdə separatçı "LDXR” bölgələrini müdafiə etməyə nail olur. Ukrayna qüvvələrinin paytaxtın təhlükəsizliyini təmin etməsinə və ölkənin suverenliyini qorumasına baxmayaraq, rus qoşunlarını fevralın 23-dəki mövqelərinə sıxışdıra bilmirlər. Müharibə dondurulmuş münaqişəyə çevrilir, tərəflərdən heç biri qalib gələ bilmir.

Ukraynadakı müharibə sanksiyaların sərtləşdirilməsi ilə bağlı iqtisadi çətinliklər səbəbindən Avropa üçün uzunmüddətli bir yükə çevrilir. Münaqişənin dərinləşməsi və ya qitəyə genişlənməsi perspektivi hələ də qaldıqca, hökumətlər Ukraynaya nə qədər dəstək olacağı ilə bağlı məsələlərdə daxildə onlarla rəqabət aparan güclərin təzyiqləri ilə mübarizə aparır.

Rusiya Kiyevi və Ukraynanın qərbindəki şəhərləri uzaqmənzilli raket zərbələri ilə terror etmək istəyir, eyni zamanda cəbhə xəttində vaxtaşırı münaqişələr alovlanır. Getdikcə daha yaxşı silahlanan Ukrayna Rusiyanın quruda hücumlarını asanlıqla dəf edir, lakin ümumiyyətlə, separatçı əraziləri, Krıma yaradılmış quru körpüdə güclü möhkəmləndirilmiş Rusiya mövqelərini geri ala bilmir. Aİ ilə əlaqələrin güclənməsinə baxmayaraq, Rusiyanın Qara dəniz limanlarını blokadasının davam etməsi Ukrayna iqtisadiyyatına ağır zərbə vurub ki, bu da topdansatış taxıl ixracına mane olur.

Müharibənin açıq bir sonu yoxdur və heç bir tərəf öz nüfuzuna, xalqına yatırdıqlarından və buna xərclədikləri pullardan imtina etməyə hazır görünmür.

Ukraynanın şərqində və cənub-şərqində ərazi qazanclarını təmin etməsi və quru körpü vasitəsilə Krım üzərində nəzarəti gücləndirməsi Putin üçün müəyyən mənada zəfər kimi görünə bilər. Ümumilikdə, Rusiyanın Ukraynadakı mövqeyi sabitdir, baxmayaraq ki, o, əldə etdiyi ərazilərin təmin edilməsinə xeyli vəsait xərcləyir. Bununla belə, çətin ki, müharibənin Rusiya üçün uğurlu hesab etmək olar: Moskva xaricdən ciddi iqtisadi və diplomatik təzyiqlərlə üzləşir, xüsusən də Avropa Rusiya enerjisindən asılılığını azaldır və bir çox Qərb sanksiyaları qüvvədə qalır.

Senari №3: Yeni "dəmir pərdə”

Martın əvvəlində proqnoz vermişdik ki, Rusiya Kiyevi ələ keçirə, Ukrayna hökumətini devirə, marionet hökumət qura, üsyançıları darmadağın edə və silahlı qüvvələrini NATO ölkələrinin sərhədləri yaxınlığında yerləşdirə bilər.

İyul ayına görə proqnoz belədir: Rusiya ən azı qısa müddətdə bütün Ukraynanı fəth edə, hətta Kiyevi ələ keçirə bilməsə də, Ukraynanın şərqində və cənubunda əraziləri möhkəmləndirir. Ukraynanın şərqində və cənubunda Rusiyanın işğal etdiyi bu ərazilərlə sərhədlərdə açıq münaqişələr alovlanır, baxmayaraq ki, uzunmüddətli ərazi qazanmaları həm Moskva, həm də Kiyev üçün çətin görünür. Məhz bu sərhədlər boyunca Rusiyanı Qərbdən ayıran yeni "dəmir pərdə” keçir.

"Pərdə” Ukrayna daxilindəki bu dondurulmuş münaqişənin hüdudlarından kənara çıxır. Köhnə "dəmir pərdə” kimi, Avropa boyunca şimaldan cənuba doğru uzanır, lakin Finlandiyanın uzaq şimalından başlayır və Baltikyanı ölkələr və Polşanın Rusiya və Belarusla sərhədləri boyunca cənuba doğru uzanır. Daha sonra Ukraynanın Belarusla şimal sərhədi və Ukraynanın şərqində və cənubunda Rusiyanın işğal etdiyi ərazilərdən aşağıya doğru gəlir. Bu yeni "dəmir pərdə” 21-ci əsrin 20-ci illərində artan böhranlarla geosiyasi, hərbi və digər gərginliklərin əsas diqqət mərkəzinə çevrilir.  Məsələn, Rusiya sərhəd boyu qüvvələr toplayır və ya Belarusda siyasi böhran yenidən gündəmə gəlir və bu, Kremlin diqqətini tələb edir.

Gərginliyin yüksək olduğu və Rusiyanın münaqişə istəklərindən narahat olduğu bir vaxtda Şərqi Avropa ölkələrinin əksəriyyəti müdafiə investisiyalarını ikiqat artırır. Avropanın əksər ölkələrində düşmən kimi qiymətləndirilən və kənara atılan Rusiya NATO və ABŞ-ın digər əsas müttəfiqləri və tərəfdaşları ilə genişmiqyaslı qarşıdurmaya hazırlaşarkən, qalan bir neçə tərəfdaşları ilə münasibətlərini möhkəmləndirməyə çalışır.

Avropa Soyuq müharibənin ilkin mərhələsinə oxşar bir vəziyyətdədir: iki antaqonist blok uzun hərbiləşdirilmiş sərhəddə üz-üzədir. İdeoloji parçalanma Soyuq müharibə dövründəki kimi olmasa da, demokratik Qərb Alyansı ilə revanşist və avtoritar Rusiya arasında əsaslı dünyagörüşü toqquşması mövcuddur. İki nüvə bloku arasında bilavasitə ərazidə aktiv "isti” müharibənin getdiyini nəzərə alsaq, indiki şərait daha təhlükəlidir.

Senari №4: NATO ilə Rusiya arasında müharibə

Bu senaridə, martın əvvəlində biz NATO ilə Rusiya arasında ehtimalı az olsa da, birbaşa hərbi münaqişənin mümkünlüyünü proqnozlaşdırmışdıq. İstər NATO müdaxiləsi, istərsə də Rusiyanın NATO-ya üzv dövlətlərə zərbələri (qəsdən və ya bilməyərək) nəticəsində belə bir münaqişənin yarana biləcəyi bir neçə halı qeyd etmişdik.

İyul ayına görə proqnozumuz: təəssüf ki, belə bir münaqişənin mümkünlüyü çətin görünsə də, ehtimal olaraq qalır. Bunun baş verməsinin hər üç variantı hələ də aktualdır. Ancaq bir şey dəyişib.

Biz indi hesab edirik ki, Ukrayna hərbçilərinin hərəkətlərini nəzərə alsaq, NATO-nun Ukraynadakı müharibəyə birbaşa müdaxiləsi dörd ay əvvələ nisbətdə daha azdır (hazırda ukraynalıların NATO-nun birbaşa iştirakı ilə bağlı çağırışları, məsələn, uçuşa qadağa zonası ilə bağlı tələbləri əhəmiyyətli dərəcədə azalıb). Bizi ən çox Rusiyanın eskalasiyası, xüsusən kimyəvi, bioloji və ya ekstremal hallarda taktiki nüvə silahlarının istifadəsi narahat edir - bu, NATO-nun birbaşa müdaxiləsinə səbəb ola bilər.

Texnikanın nasazlığı və ya operatorun səhv hesablanması səbəbindən Rusiya hələ də ehtiyatsızlıqdan Ukrayna ilə sərhədə yaxın və ya başqa yerə, ehtimal ki, Baltikyanı bir NATO üzvünə zərbə endirə bilər. Əvvəlki kimi, biz açıq hərbi əməliyyatlara gətirib çıxaran sərhəd toqquşmalarının spiralını istisna edə bilmərik.

Putin çarəsizlikdən və ya səhv hesablamalarından (yaxud hər ikisindən) NATO ilə müharibəyə səbəb ola bilər. Putin düşünə bilər ki, o, məhdud münaqişə (hərbi mənada) ilə kifayətlənə bilər, bu addımı Rusiyada öz hakimiyyətini möhkəmləndirmək üçün istifadə edə və Rusiyanın indi yalnız Qərbə qarşı müharibə haqqında səslənən təbliğatı dəstəkləyə bilər.

Bilmədiklərimiz

Ukrayna hərbçilərinin dörd aylıq döyüş yolu göstərir ki, Ukrayna Silahlı Qüvvələri Qərbin əhəmiyyətli və artan hərbi dəstəyi ilə nəinki dayandırmaq, həm də Rusiya ordusuna qarşı əks-hücuma keçmək əzmindədir və buna qadirdir. Qərb də yeni sanksiyalar tətbiq edir, baxmayaraq ki, Aİ-də Rusiyanın bütün enerji idxalını mərhələli şəkildə dayandırmaq məsələsində fikir ayrılığı qalır.

Bununla belə, müharibənin Kiyevin xeyrinə həllinə yönələn Ukraynanın geniş və uğurlu əks-hücum əməliyyatına zəmanət yoxdur. Yuxarıda təsvir edilən senarilərin hər biri, bəzi hallarda ehtimalı az olsa da, mümkün olaraq qalır, eləcə də onların miks variantları; məsələn, iki və üç senarini birləşdirən hibrid nəticə.

Hələ də vəziyyət bir çox qeyri-müəyyənliklərlə doludur: Qərb Ukraynaya nə qədər (və hansı növ) hərbi dəstək göstərəcək; Qərb ölkələrinin əhalisi nə vaxta qədər Ukrayna üçün əhəmiyyətli resursların ayrılmasını dəstəkləyəcək; Qərb müttəfiqləri və tərəfdaşları sanksiyaların əlavə raundlarında və Rusiyanın enerji daşıyıcılarından istifadənin dayandırılmasında birlik göstərəcəklərmi? Putin Rusiya Federasiyası daxilində hakimiyyətinə təhdidlərlə üzləşəcəkmi və taktiki nüvə silahından istifadə etmək və ya NATO ilə birbaşa qarşıdurmaya təhrik etmək kimi ehtiyatsız və çox əhəmiyyətli qərar qəbul edəcəkmi?

Keçən dəfə yazmışdıq ki, müharibələr nadir hallarda proqnozlaşdırılan senari üzrə inkişaf edir və bu müharibə də gözlənilməz dönüşlər alır. Bu müharibənin necə və hansı şərtlər altında sona çatacağı (və ümumiyyətlə sona çatacaqsa), bunun qlobal nizam üçün uzunmüddətli nəticələrinin nədən ibarət olacağı yaxın aylarda bilinəcək.

Qaynarinfo


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az