Fövqəladə Hallar Nazirliyinin vəzifəli şəxslərinin xidməti otaqlarında biabırçı görüntülərinin yayılması cəmiyyətdə böyük ajiotaj yaradıb. Bununla əlaqədar olaraq FHN-nin xanım əməkdaşları rəhbərliyə işə mülki geyimdə gəlməklə bağlı müraciət ediblər. Bildiriblər ki, yolda, nəqliyyatda hər kəs FHN-də çalışdıqlarını bilib, onlara heç də xoş münasibət göstərmir. FHN-nin xanım əməkdaşları xidməti geyimdə işə gəlmək istəmədiklərini deyiblər.
Manset.az xəbər verir ki, məsələ ilə bağlı Ağ Partiyanın sədri Tural Abbaslı Bakupost.az-a açıqlama verib.
Partiya sədri hesab edir ki, bir-iki əxlaqsıza görə bütün nazirliyin əməkdaşlarına qarşı cəmiyyətdə neqativ münasibət varsa, bu münasibəti dəyişmək lazımdır:
“Nazirlikdə geyimlərin dəyişdirilməsi, rənglənməsi daxili sərəncamla olur. Buna görə prezidentin sərəncamına və yaxud parlamentin hansısa qərarına ehtiyac yoxdur. Baş verən biabırçı hadisədən sonra insanlarda bu uniforma ilə bağlı neqativ fikirlər formalaşır. Bunu görməzdən gəlmək mümkün deyil. Xanım əməkdaşlara heç kim nəsə deməsə də, o istehzalı baxışlar hiss olunur. Eynilə bəylərlə də yersiz zarafatlar edilir. Ona görə də işçilərin geyimlərin dəyişdirilməsi, yaxud mülki geyimdə işə gəlmə tələbi haqlıdır. Çünki insanlar həm ailələrinin ruzisini qazanmalı, həm də öz şərəf və ləyaqətini qorumalıdır. FHN kifayət qədər imkanlı nazirlikdir və uniformaları qısa müddətdə dəyişə bilər. Bununla bağlı bizdə bankların nümunəsi var. Azərbaycanda adı korrupsiya, pul yumaqda hallanan bankların adı 3-4 dəfə dəyişib. Ona görə bu işdə kifayət qədər təcrübələri var. Düşünürəm ki, nazirlik bunu prinsip məsələsi etməz, əməkdaşlarının çağırışına pozitivcavab verər”.
T.Abbaslı FHN-nin təbliği istiqamətində ictimaiyyətlə əlaqələr şöbəsinin çox zəif işlədiyini də diqqətə çatdırıb:
“Bir-iki əxlaqsıza görə FHN-nin birbaşa operativ işlərdə çalışan fədakar əməkdaşları da qınaq obyekti olublar. Çox təəssüf ki, sosial mediada müsbət tərəfin təbliği mənfi tərəfə uduzub. Bunu da FHN-nin ictimaiyyətlə əlaqələr şöbəsi düşünsün. Fikirləşsin ki, niyə Siyəzəndə, Qubada, Şabranda, Şəkidə baş verən yanğınların qarşısnı alan qəhrəmanlar yox, məhz Zaur Mirzəyev kimi əxalaqsılara görə gündəmə gəliblər? FHN-də minlərlə fədakar insanlar var. FHN dənizdə xilasetmədən tutmuş, yanğınsöndürməyə, mülki müdafiəyə qədər böyük bir arealdır. Çox təəssüf ki, piar məsələsində uduzurlar. Bu baxımdan nazirliyin imicinin düzəldilməsi istiqamətində hansısa addımlar adılmalıdır. Buna süni şəkildə deyil, təbii qəhrəmanları üzə çıxarıb təbliğ etməklə nail olmaq olar”.