İngiltərənin ən qatı cinayətkarı yenidən gündəmdə - "Normal həyata qayıtmağa şans verin"

17:05 - 03 Aprel 2023

İngiltərənin ən qatı cinayətkarı yenidən gündəmdə - \"Normal həyata qayıtmağa şans verin\"

Böyük Britaniyanın ən təhlükəli cinayətkarlarından biri olan Çarlz Bronson şərti azadlığa buraxılma ərizəsi ilə yenidən gündəmə gəlib.

 

Manset.az Bakupost.az-a istinadən xəbər verir ki, hər bir ingilisin adını eşidəndə qorxduğu Çarlz Bronson şərti azadlığa buraxılması üçün məhkəməyə müraciət edib. Britaniya parlamentinin qəbul etdiyi qanuna düzəlişdən sonra işinə açıq şəkildə baxılmasını istəyən Bronson məhkəmənin ilk iclasına qara kostyum, ağ köynək və tünd günəş eynəyi geyinib. O, özünü bir növ "təqaüdçü məhbus" kimi gördüyünü söyləyib.

Bronson məhkəməyə “mənə həyatına davam etmək istəyən normal bir qoca olduğumu sübut etmək şansı verin" deyə müraciət edib.

Cinayətə meyilli olan Bronson 19 yaşından sonra cəmi 131 gün azadlıqda olub. Həyatının 48 ilini təkadamlıq kamerada keçirib. Onun populyarlığını artıran isə 2008-ci ildə çəkilmiş "Bronson" filmi olub. Bir çox mükafatlar qazanan film İngiltərənin ən qorxduğu adamının bilinməyən xüsusiyyətlərini ortaya qoyub.

Qeyd edək ki, Bronson həbsxanada ətrafına qorxu saçan məhbus kimi tanınıb. O, həmçinin güclü olması ilə seçilir. Belə ki, Bronson yalın əllə yaşadığı kamerada barmaqlıqları əyib. Qatı cinayətkar həbsxanada müxtəlif cinayətlər törədərək cəza müddətini uzadıb. Buna bir fincan qəhvə qarşılığında 6 mühafizəçini girov götürməsini misal gətirmək olar. O, 1998-ci ildə girov götürdüyü məhbusları sendviç qarşılığında azad edəcəyini açıqlayıb. Xahişi yerinə yetirilmədiyi təqdirdə məhbuslardan birini yeyəcəyini bildirib. Sonuncu dəfə 2000-ci ildə Belmarş Həbsxanasında məhbusların reabilitasiya müəllimini 2 gün girov götürərək ömürlük həbs cəzasına məhkum edilib.

Bundan başqa o, təkadamlıq kamerada qalarkən həbsxana gözətçisinin ona bir yığın kağız və bir neçə rəngli karandaş verməsi ilə rəssamlığa başlayıb. Bronson rəsmlərindən qazandığı pulu xeyriyyə təşkilatlarına bağışladığını bildirib.

Məhkəmə heyəti yaşlı olmasına baxmayaraq, məhbusun istəyini qəbul etməyib. Psixoloqlar onda "travmatik stress pozğunluğu" olduğunu, cəmiyyət üçün risk yaratdığını və hələ azadlığa çıxmağa hazır olmadığını deyib. Yetmiş yaşlı Bronsonun həbsxana mühitindən tədricən cəmiyyət həyatına gətirilməsi üçün müəyyən tədbirlərin görüləcəyi bildirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az