Ermənistanın qaşısındakı ən böyük maneyə elə özüdür. Baxmayaraq ki, 44 günlük Vətən müharibəsində çox ağır dərs aldılar, baxmayaraq ki, ötən ilin sentyabrında növbəti dəfə Azərbaycan ordusunun gücünü, nəyə qadir olduğunu hiss etdilər və iki ölkənin hərbi güc potensialı arasında yerlə göy qədər fərqi açıq sezdilər, yenə də təxribatlardan, Azərbaycana qarşı məkirli planlardan əl çəkmirlər.
Bu zehniyyətin sahibi olan dövlət, xalq isə təbii ki, daim uğursuzluqlara, məğlubiyyətlərə, acı taleyə məhkumdur. Prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında bildirib ki, Azərbaycanın qarşısını heç kim kəsə bilməz. Buna baxmayaraq rəsmi irəvan havadarlarının, onu himayəsində saxlamaq istəyən qüvvələrin şirin vədlərinə aldanaraq 3 il əvvəlki səhvləri yenidən təkrarlamağa başlayıb.
Bu situasiyada isə iki ölkə arasında sülh danışından, regional təhlükəsizlikdən danışmaq müşkülə çevrilir. Danışıq masasında aradakı məsələlər çözüm tapmayınca yeganə çıxış yolu qalır hərb, güc dilinə. Müsəlman biz olsaq da, qılınc başından əskik olmadan ağlı başına gəlməyən məhz ermənilərdir.
Odur ki, Ermənistan istər 10 noyabr üçtərəfli bəyanatı, istərsə də Soçi razılaşmaları və Brüssel görüşlərində üzərinə götürdüyü öhdəlikləri icra etmək əvəzinə artıq 2 ildən çoxdur ki, danışıqlar prosesini dalana dirəmək üçün əlindən gələni edir.
Rəsmi İrəvanın Bakı ilə apardığı sülh danışıqlarının sadəcə vaxt qazanmaq, dünyanı "görürsünüz, biz Azərbaycanla sülh imzalanmasında çox maraqlıyıq" görüntüsü ilə aldatmağa hesablanmış gedişdən, manevrdən başqa bir şey deyil. Digər tərəfdən də Qarabağda Rusiya sülhməramlı kontingentin müvəqqəti nəzarət zonasındakı ermənilərin dayanmadan rus hərbiçilərinin müşaiyəti ilə intensiv şəkildə Ermənistandan gizli yollarla Qarabağa silah daşıması, Qarabağda yeni mövqelər qurması, səngərlər qazması bunu artıq tam çılpaqlığı ilə ortaya qoydu. Bakıya aydın oldu ki, artıq növbəti addımı atmağın zamanıdır.
Budur ki, öncə ordumuz Sarıbaba yüksəkliyini və onun ətrafındakı digər önəmli hakim yüksəklikləri nəzarətə götürdü, orada yerləşməyə başladı. Bununla da Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan qanunsuz silah daşıması, silahlı şəxslərin Qarabağa gətirilməsi bloklandı və Ermənistanla Qarabağı birləşdirən alternativ yollar da tamamilə Azərbaycan ordusunun nəzarətinə keçdir.
Ardınca Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələr nəzarətə götürüldü. Halbuki 26 avqust 2022-ci ildə Qarabağı Qərbi Zəngəzurla birləşdirən yeni yol istifadəyə veriləndə sülhməramlılar Laçın şəhəri və Zabux kəndini təhvil verməli olduqları zaman həmin yeni yolun Laçın rayonu və Şuşa rayonu ərazisindəki hissəsi tam hazır olsa da, Qərbi Zəngəzurdakı hissəsi hazır deyildi.
Rəsmi irəvan Laçın şəhərinin azad edilməsi zamanı Azərbaycan tərəfindən xahiş etdi ki, Həkərinin sağ sahilində Qərbi Zəngəzura düşən hissədə (həmin yerdə şərti sərhəd Həkəri boyunca keçir) yol hazır olmadığına görə icazə verin Zabux və Cağazur kəndlərinin qərbində, yuxarıda sərhəd boyu, Laçın rayonu ərazisindən keçən yol hissəsindən müvəqqəti istifadə edək. Beləliklə, Laçın və Zabux azad ediləndən sonra yol Həkəri körpüsündən şərti sərhədi keçdikdən təxminən 1,5 km sonra yuxarıda yenidən biz tərəfə keçirdi və ermənilər təxminən 2 km məsafədə şərti sərhəd boyu bu yoldan istifadə edirdilər.
Ordumuz yola kənardan nəzarət etsə də, ermənilərin gediş-gəlişinə müdaxilə edilmirdi. Paşinyan söz vermişdi ki, yolun onlara aid hissəsi 1 aprel 2023 tarixinə hazır olacaq. Ötən həftə ərazidə olarkən şəxsən özüm də müşahidə etdim ki, artıq yolun həmin hissəsi hazırdır, son tamamlama işləri gedir. Şanlı Ordumuz yol hazır olan kimi, ermənilərə mədəni şəkildə dedi ki, artıq buradan gedin. Nəticədə bir güllə atılmadan həmin yol hissəsi və yol ətrafında, Zabux və Cağazur kəndlərinin qərbində, yuxarı dağ və təpəlik hissədə olan ərazi tam nəzarətə götürüldü, hətta ordumuz şərti sərhəd boyu daha əlverişli yüksəkliklərdə mövqe tutdu.
Ermənistanla Azərbaycanın şərti dövlət sərhədində, Laçın yolunun sabiq marşrutunun başlanğıcında ermənilər "Böyük və Kiçik Sünik" adlı "abidə" ucaltmışdılar ki, artıq o da yoxdur. Aşotların həmin zibili indi ordumuzun mövqelərinin yerləşdiyi ərazidə idi, bu səbəbdən artıq təcili olaraq "xaçkar"ı söküb aparıblar.
Bakının bu həmlələri eyni zamanda o deməkdir ki, ermənilərlə yanaşı Rusiyanın sülhməramlıları vasitəsi ilə manevr imkanları da bir xeyli daralmaqdadır. Azərbaycan Ordusu Qarabağda bütün hakim yüksəklikləri asta-asta, peşəkarcasına nəzarətə götürməkdədir. Hətta iş o yerə çatıb ki, sülhməramlılarla Qarabağ separatçıları və etnik ermənilər arasındak gərginlik özünün pik dövrünü yaşayır.
Ermənistanın "Hraparak" nəşri Qarabağdakı mənbələrinə istinad edərək yazır ki, "sülhməramlılar Qarabağ üçün ərzaq və ya digər mallar olan hər bir iri yük maşını üçün əvvəlki 1-2 min dollar əvəzinə təxminən 10 min dollar alırlar. Son zamanlar Ermənistan hökuməti ilə razılaşmaları pozurlar. Sülhməramlılar Qarabağ əhalisindən pul qazanmaqla məşğuldur".
Görünür Rusiya hərbiçiləri də artıq anlayırlar ki, onların bölgəni tərk etmələri üçün hər şey hazırdır, yolun göründüyü bir vaxtda donuzdan bir tük qoparmaq da qənimətdir. Bunu ancaq uzun vədədə bir yerdə qalmayacağını anlayan şəxslər edər. Çünki heç bir sülhməramlı istəməz ki, yerli əhali ilə münasibətləri tamamilə pozulsun. Demək ki, artıq sülhməramlı kontingent şələ-şüləsini yığıb, Qarabağdan çıxmaq üçün əmr gözləyir.
Proseslərin bu məcrada inkişafını isə təbii ki, bundan öncələrdə olduğu kimi yenə də rəsmi Bakı müəyyən etdi. İlham Əliyevin anında doğru, hədəfə hesablanmış qərarları, göstərişləri öz nəticəsini verməkdədir. Laçın yolunda ekofəalların aksiyasından tutmuş, son bir həftədə ardıcıl 3 hərbi əməliyyat Bakının əlini istər danışıqlar masasında, istərsə də hərb meydanında bir xeyli gücləndirdi.
Bütün bu proseslər deməyə əsas yaradır ki, doğru yoldayıq. İkinci Qarabağ müharibəsindən sonra bölgədəki ermənilərin iqtisadi və sosial problemlərinin nə vəziyyətdə olduğu ilə bağlı Ermənistanın keçmiş maliyyə naziri Vardan Abramyanın hazırladığı və bugünlərdə yayımlanan hesabatına diqqət yetirsək bir çox məsələlərdən elə yerindəcə agah olmaq imkanı əldə edəcəyik. Sözügedən hesabata görə, azərbaycanlıların Şuşa yolunda başlatdıqları etirazdən keçən müddətdə Xankəndinin iqtisadi itkisi 165 milyon dollardır, separatçıların nəzarət etdiyi bölgənin gündəlik itkisi 1.6 milyon dollar civarındadır.
Başqa bir rəqəmə görə, Qarabağda separatçıların nəzarətindəki bölgədə 16 mindən çox erməni işsiz qalıb. Hesabat müəllifi separatçıların büdcəsində dərin kəsir əmələ gəldiyini, gəlirləri artırmaq üçün heç bir mənbənin qalmadığını vurğulayıb. Nəzərə alsaq ki, bu gün Qarabağda uşaqlı-böyüklü 25 in erməni əhali yaşayır, bu Qarabağ ermənilərinin acınacaqlı vəziyyətindən xəbər verən növbəti rəqəmlərdir.
Vəziyyətin günü-gündən daha da acınacaqlı hal alacağı istisna edilmir. Artıq indiki durumları etnik ermənilər üçün bir SOS siqnalı olmalıdır. Bu rəqəmlər Qarabağ ermənilərinə anlatmalıdır ki, Azərbaycanla razılıq əldə etmədən, qanunlarımızı qəbul etmədən ağır iqtisadi və sosial vəziyyətdən qurtula bilməyəcəklər.
Atabəy Türkel