İran molla-fars rejimi Bakıya olan kin-küdurətini ifraz etmək, Azərbaycanı haqsız duruma salmaq, təhdidlər yağdırmaq üçün hücum şəbəkəsini xeyli genişləndirir. Rəsmi Tehran bu istiqamətdə Bakıda çalışmış keçmiş səfirlərin, diplomatlarının da yardımından yararlanmaqdadır. Belə ki, İranın ölkəmizdəki sabiq səfiri Möhsün Pakayin xüsusilə son dönəmlər İran mediasında Azərbaycan əleyhinə açıqlamaları ilə diqqət mərkəzinə düşməkdədir. O, hətta Azərbaycan hakimiyyətini təhqir etməkdən belə çəkinmir. Bu, artıq onun üçün vərdiş halını alıb.
Amma biz anoloji vəziyyəti İranda səfir vəzifəsində çalışmış diplomatlarımızdan görmürük.
Bundan fərqli olaraq İranın Azərbaycandakı səlahiyyətli səfiri Seyid Abbas Musəvinin "Qafqazda aşkar və gizli diplomatik alətlərdən istifadə edirik" açıqlaması, molla rejiminin rəsmi Bakının diplomatik mənbələrinə şah damarı qədər yaxın olduğuna bir eyhamdır. İran səfiri bu açıqlaması ilə eyni zamanda Azərbaycanda yeni məxfi planın anonsunu da vermiş hesab edilə bilər.
Ümumiyyətlə son 3 ilə yaxın bir müddətdə İran mediasında Azərbaycan əleyhinə yayılmış məqalələrin siyahısına baxdıqda bunların daha çox məhz molla rejiminin vaxtı ilə Bakıyla diplomatik əlaqələri olub, Azərbaycanda çalışmış siyasətçilər olduğu diqqətdən yayınmır.
O gün-bu gün İran mediasında mütəmadi olaraq Azərbaycan Respublikası, onun dövlət və hökumət rəsmiləri haqqında yayılan təhqir dolu, yalan, böhtan və qərəzli məlumatlar, eləcə də İranın tanınmış ictimai-siyasi xadimlərinin həqiqətdən uzaq bəyanat və çıxışları ölkələrimiz arasındakı münasibətləri gərginləşdirir və diplomatik böhranı daha da dərinləşdirir.
Molla rejiminin İranın ölkəmizdəki səfirliyi vasitəsilə Azərbaycan Xarici İşlər Nazirliyinə nota təqdim etməsi rəsmi Bakıya meydan oxumağa bərabər bir addımdır. Bu addım hətta o dərəcədə naxoş seçimdir ki, sonrakı mərhələdə iki ölkə arasında diplomatik münasibətlərin tamamilə qırılmasına gətirib çıxara bilər.
Lakin təəssüf ki, bu cür anoloji addımları biz vaxtı ilə Tehranda səfir vəzifəsində çalışmış azərbaycanlı diplomatlardan görə bilmirik. Azərbaycanla İran arasında kibermüharibənin, informasiya savaşının artıq pik həddə çatdığı bir vaxtda əvvəl İranda Azərbaycan diplomatı kimi çalışmış şəxslərin səsi hələ də çıxmır. İran söz oyununda bütün cəbhələrdə Bakıya qarşı təzyiqlərini artırdığı bir vaxtda molla rejiminin daxilinə daha dərindən bələd olan, İran hakimiyyətinin Azərbaycana olan münasibətindəki ağsaqlıqlardan Tehranda çalışdığı illərdə hamıdan yaxşı xəbərdar olan və proseslərin yaxından şahidi olan diplomatlar kimi danışmaq, rejimi susdurmaq istiqamətində ölkəsinin mənafeyindən çıxış etmək əvəzinə ağızlarına su aldıqları ancaq təəssüf doğurur.
Amma düşünürəm ki, bu da səbəbsiz deyil. Belə görünür ki, əvvəllər İranda Azərbaycanı səfir vəzifəsində çalışan Abbasəli Həsənovun (1998-ci ildən Azərbaycan Respublikasının İranda Fövqəladə və Səlahiyyətli səfiri kimi çalışıb. 10 fevral 2012-ci il tarixli sərəncamla ilə Abbasəli Kərəm oğlu Həsənov Azərbaycan Respublikasının Tacikistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib), Cavanşir Axundovun (2009–2016) və Bünyad Səməd oğlu Hüseynovun (2016-2021) indi susmasının böyük ehtimalla çox tutarlı səbəbləri var:
1. Onlar ya İranda biznes sahibidirlər, onu itirməkdən qorxurlar
2. Ola bilsin ki, İran Xüsusi Xidmət Orqanlarından bizə məlum olmayan səbəblərdən çəkinirlər.
3. Yaxud da ən azı İran molla-fars rejiminin radikalları qədər Azərbaycana qarşı nifrət bəsləyirlər və bu durum onların lap ürəyincədir.
Nəticədə belə təəssürat yaranır ki, əslində Abbasəli Həsənov, Cavanşir Axundov və Bünyad Hüseynovlar Azərbaycanın yox, elə İranın səfiri imiş.
Vəziyyətin gərginləşdiyi ilk vaxtlardan bu zamana kimi İran diplomatlarını susdurmaq, onlara qarşı əks-arqumentlərlə çıxış etmək istiqamətində hər hansı bir təşəbbüs göstərməyən adı çəkilən şəxslərin istər vəzifədə olduqları zaman, istərsə də hazırda xalqına, dövlətinə sadiqliyi böyük şübhə obyekti olaraq qalır. Görünür hələ səfirlik fəaliyyəti dövründə diplomatik missiyasını yerinə yetirmək, ölkəsinin maraq və hədəflərinin yerinə "kartof biznesi"nə başı qarışan Abbasəli kimi, digər sabiq adı çəkilən səfirlərin də başı bərk qarışıb.
İranda çalışmış həmin diplomatların bu susqunluğu, prosesləri yad ünsür kimi kənardan müşahidə etmək mövqeləri tamamilə İran ETTELAATının mövqeyidir, bunun başqa adı yoxdur.
Ən dəhşətlisi isə bu yaxınlarda Tehranda Azərbaycan səfirliyinə edilən terror hücumu sonrası da məhz sabiq səfirlərin səsini çıxarmaması, bu hadisəyə yerli mətbuatda hər hansı bir münasibət bildirmək təşəbbüsünün olmaması, prosesləri sükutla qarşılaması oldu. İstənilən halda, Azərbaycan vətəndaşı, Azərbaycan xalqının bir fərdi olaraq dövlətinə, xalqına qarşı bu xoşagəlməz terror planı Abbasəli, Cavanşir, Bünyadları narahat etməli idi. Amma bu hadisə deməyə əsas verir ki, onlar səfirlik dönəmlərində ölkəsini diplomat kimi necə təmsil ediblərsə, bu gün o səviyyədə də "azərbaycanlıdırlar".
Atabəy Türkel