27 dollara alınan saxta əlyazma orijinal çıxdı - FOTO

15:09 - 16 May 2025

27 dollara alınan saxta əlyazma orijinal çıxdı - FOTO

1946-cı ildə ABŞ-nin Harvard Universitetinin Hüquq Məktəbi tərəfindən cəmi 27,50 dollara alınan əlyazma sənədin 1300-cü ilə aid orijinal Magna Carta olduğu məlum olub.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, əvvəllər saxta hesab edilən sənədin əslində insan hüquqları tarixində mühüm yer tutan nadir sənədlərdən biri olduğu müəyyən edilib.

Sənədin əsl kimliyi Harvard Universitetinin rəqəmsal arxivlərinin skan edilməsi zamanı ortaya çıxıb. Kəşf, London Kral Kollecinin orta əsrlər tarixi üzrə professoru Devid Karpenter tərəfindən edilib. O, sənədin dəqiq təhlili üçün Magna Carta üzrə tanınmış ekspert, Şərqi Angliya Universitetindən professor Riçard Mann və tarixçi Nikolas Vinsentə müraciət edib.

Aparılan araşdırmalar nəticəsində əlyazmanın orijinallığı onun yazı üslubu, ilk sətirdəki böyük “E” hərfi və ölçüləri əsasında təsdiqlənib.

Mütəxəssislər bildirirlər ki, bu sənəd İngiltərə Kralı I Edvard tərəfindən 1300-cü ildə nəşr edilmiş və bu günə qədər yalnız yeddi nüsxəsinin mövcud olduğu ehtimal edilən Magna Carta sənədlərindən biridir.

Tarixçilər bu kəşfi Harvard Hüquq Məktəbinin arxivindəki ən qiymətli tapıntılardan biri kimi dəyərləndirir və onu “tacdakı ləl-cəvahirat” adlandırırlar.

Qeyd edək ki, Harvard Universiteti bu sənədi 1946-cı ildə Londonda yerləşən Sweet & Maxwell kitab mağazasından auksion yolu ilə əldə edib. Həmin dövrdə sənəd “1327-ci ilə aid nüsxə” kimi təqdim olunub. Lakin yeni analizlər onun struktur və fiziki xüsusiyyətlərinin digər orijinal Magna Carta nüsxələri ilə tam üst-üstə düşdüyünü göstərib.

Sənədin kəşfi münasibətilə bu ilin iyun ayında hər iki tarixçi Harvard Universitetinə dəvət olunub. Nadir sənədin yaxın gələcəkdə universitetin daimi sərgisində nümayiş etdiriləcəyi gözlənilir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv