İsrailin Livanın cənubundakı Cenam bölgəsinə endirdiyi hava zərbəsi nəticəsində iki nəfər ölüb, bir nəfər yaralanıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, hücum Şeba qəsəbəsində baş verib.
İsrail ordusunun bir ailəni – ata və iki oğlunu hədəf aldığı bildirilir. Nəticədə ata və oğullarından biri həyatını itirib, digər oğul isə yaralanıb.
Qeyd edək ki, 27 noyabr 2024-cü ildə İsrail və Livan arasında atəşkəs razılaşması əldə olunub. Lakin bölgədəki müşahidələrə əsasən, İsrail tərəfi razılaşmanı mütəmadi olaraq pozur.
Məlumata görə, İsrail ordusu razılaşmadakı geri çəkilmə müddəasına baxmayaraq, sərhədyanı ərazilərdə – beş müxtəlif nöqtədə hərbi mövcudiyyətini saxlayır. Həmçinin, hava və quru hücumları nəticəsində sərhədə yaxın qəsəbələrdə ciddi dağıntılar müşahidə olunur.
Atəşkəsdən aylar keçməsinə baxmayaraq, İsrail ordusunun Livanın cənubundakı avtomobilləri və mülki infrastrukturu pilotsuz uçuş aparatları ilə hədəf almaqda davam etdiyi bildirilir.