Kolumbiyalı dünya ulduzu Şakira ABŞ-də mühacirlərə qarşı aparılan siyasətləri tənqid edən məşhurların sırasına qoşulub.
Manset.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, müğənni Donald Trampın miqrantlara qarşı sərt tədbirlərinə qarşı narahatlığını ifadə edib.
48 yaşlı sənətçi BBC News-a verdiyi açıqlamada bildirib ki, ABŞ-də Trampın yenidən prezident seçilməsindən sonra "daimi qorxu içində yaşamaq" vəziyyəti yaranıb.
"Bu vəziyyət ağrılıdır. İndi hər zamankından daha çox birləşməliyik, səsimizi ucaltmalı və göstərməliyik ki, bir ölkənin miqrasiya siyasəti dəyişə bilər. Amma bütün insanlara münasibət daim humanist olmalıdır", – deyə o əlavə edib.
Şakira qeyd edib ki, özü də 19 yaşında daha yaxşı gələcək axtarışı ilə ABŞ-yə köçmüş kolumbiyalı mühacirlərdən biridir. O, ingilis dilini Leonard Cohen, Walt Whitman və Bob Dylan-ın poetik əsərləri vasitəsilə öyrəndiyini vurğulayıb və bu sayədə “ingilis dilinin mahnı sözlərində necə işlədiyini başa düşdüyünü” bildirib.
Xatırladaq ki, ABŞ-də Donald Trampın sərt immiqrasiya siyasətləri fonunda bir sıra etiraz aksiyaları və ictimai narahatlıq davam edir. Şakira bu siyasətə qarşı çıxan bir sıra məşhurlarla həmrəylik nümayiş etdirərək, insan haqlarına önəm verilməsinin vacibliyini vurğulayıb.