Sankt-Peterburqda keçirilən Beynəlxalq İqtisadi Forumda çıxış edən Rusiya Prezidenti Vladimir Putin, Rusiya ilə Ukrayna arasında aparılan sülh danışıqlarına görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkürünü bildirib.
Manset.az-ın türk mətbuatına istinadən məlumatına görə, Putin qeyd edib ki, İstanbuldakı müzakirələrin insani ölçüsü vardı və bu prosesdə Türkiyənin rolunu yüksək qiymətləndirib. O, danışıqlarda müəyyən razılaşmalar əldə olunduğunu, lakin sonradan Qərbin Rusiyanı "sahədə məğlub etmək" strategiyasına keçdiyini bildirib.
"İstanbulda Ukrayna ilə razılaşma hazırlanmışdı. Amma Qərb hər şeyi ataraq, Rusiyanı döyüş meydanında məğlub etməyə qərar verdi. İndi vəziyyət dəyişib," – deyə Putin vurğulayıb.
Putin, hazırda Ukrayna ilə danışıqları davam etdirməyə hazır olduqlarını bildirərək, əsir mübadiləsi və cəsədlərin təhvil verilməsi sahəsində konkret addımlar atıldığını deyib.
"1200 hərbçi ilə bağlı razılaşma əldə etdik. 500 nəfəri verib, 400 nəfəri geri aldıq. 6000-dən çox cəsəd təhvil verildi, əlavə 3000 cəsədin təhvilinə hazırıq. Bu, faciəvi bir rəqəmdir."
İran və İsrail barədə danışan Putin, bu iki ölkə arasında gərginliyin azaldılması üçün hər iki tərəfin maraqlarını qoruyan bir həllin mümkün olduğunu qeyd edib.
"İranın sülh məqsədli nüvə proqramı təmin oluna bilər, İsrailin təhlükəsizlik narahatlıqları isə aradan qaldırıla bilər. Bu məsələləri həm ABŞ, həm İsraillə müzakirə etmişik, İranlı dostlarımıza da müəyyən siqnallar ötürmüşük," – deyə Rusiya lideri bildirib.
Putin əlavə edib ki, heç kimə heç nəyi zorla qəbul etdirmirlər, sadəcə mövcud vəziyyətdən çıxış yollarını təklif edirlər və yekun qərar tərəflərin siyasi rəhbərlərinə aiddir.
Rusiyanın İranla hərbi sahədə xüsusi bir dəstək planının olmadığını deyən Putin, iki ölkə arasında müdafiə sahəsini əhatə edən bəndin strateji tərəfdaşlıq razılaşmasında yer almadığını qeyd edib:
"İran bizdən belə bir dəstək istəməyib. Biz Buşehr Atom Elektrik Stansiyasında texniki əməkdaşlıq edirik, orada 250 mütəxəssisimiz var. Bu, bir növ dəstək deyilmi?"
Forumda Anadolu Agentliyinin rəhbəri Serdar Karagözün suallarını da cavablandıran Putin, ABŞ-ın keçmiş prezidenti Donald Trampın münaqişənin həllindəki roluna da toxunaraq, "Əgər Tramp prezident olsaydı, bu müharibə olmazdı," sözlərini təsdiqləyib.