İranın uranı haradadır? 

09:54 - 23 İyun 2025

İranın uranı haradadır? 

ABŞ İranın zənginləşdirilmiş uran ehtiyatlarının taleyini diqqətlə izlədiyini bəyan edib.


Manset.az Haber Global-a istinadən xəbər verir ki, Birləşmiş Ştatların vitse-prezidenti Cey Di Vance və dövlət katibi Marko Rubio mövzu ilə bağlı ictimaiyyətə açıqlamalar veriblər. Paralel olaraq, İsrailin baş naziri Benyamin Netanyahunun İran uranı ilə bağlı müəmmalı bəyanatı da diqqət çəkib.

Vitse-prezident Vance ABŞ-nin "ABC News" telekanalına verdiyi müsahibədə bildirib ki, İranın zənginləşdirilmiş uran ehtiyatları yaxın həftələrdə Tehranla aparılacaq danışıqların əsas gündəm mövzularından biri olacaq. O qeyd edib ki, Vaşinqton bu məsələyə dair konkret addımlar atmağa çalışır:

“Biz yaxın həftələrdə bu məsələ ilə bağlı konkret tədbirlərin görülməsini təmin etməyə çalışacağıq. Bu, İranla aparacağımız müzakirələrin əsas mövzularından biri olacaq.”

Vance əlavə edib ki, İran hazırda bu ehtiyatları silah dərəcəli urana çevirmək gücünə malik deyil:

“Bu, onların əsas məqsədidir, lakin hazırda bu qabiliyyətə sahib deyillər.”

ABŞ Prezidenti Donald Trampın İranın nüvə obyektlərinə zərbələrin endirildiyini bildirməsindən sonra, Vance “New York Times” qəzetinin Fordo nüvə obyektinin “ciddi zədələndiyi, lakin tamamilə dağılmadığı” barədə məlumatına da münasibət bildirib:

“Ciddi zədələnmiş və tamamilə dağılmış obyekt arasında dəqiq fərqin nə olduğunu deyə bilmərəm. Amma bildiyimiz budur ki, İranın nüvə proqramı əhəmiyyətli dərəcədə geriləyib.”

Rubio: “Uran ehtiyatı İsfahanda yerləşir”

ABŞ dövlət katibi Marko Rubio isə açıqlamasında bildirib ki, İranın 60 faiz zənginləşdirilmiş uran ehtiyatının böyük hissəsi ABŞ-nin hücum etdiyi İsfahan şəhərindəki nüvə obyektində yerləşir:

“İranın yüksək dərəcədə zənginləşdirilmiş uranının böyük hissəsinin İsfahanda olduğuna inanırıq.”

Netanyahu: “İran uranı gizli yerə köçürüb”

İsrailin baş naziri Benyamin Netanyahu isə İranın zənginləşdirilmiş uranı hücumdan əvvəl gizli yerə köçürməsi ilə bağlı ehtimallara toxunaraq, maraqlı açıqlama verib:

“İranın təqribən 400 kiloqram 60 faiz zənginləşdirilmiş uranının harada olduğu ilə bağlı maraqlı kəşfiyyat məlumatlarımız var.”

Lakin Netanyahu bu məlumatlarla bağlı əlavə təfərrüat açıqlamayıb.

Qeyd edək ki, bu gün səhər saatlarında ABŞ qüvvələri İranın Fordo, Natanz və İsfahan şəhərlərindəki nüvə obyektlərinə hava zərbələri endirib. Hücumun nəticələri ilə bağlı detallı məlumat verilməyib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az