19 yaşlı gəncə "Alzheimer" diaqnozu qoyuldu

09:24 - 23 İyun 2025

19 yaşlı gəncə \"Alzheimer\" diaqnozu qoyuldu

Çinin yaddaş klinikalarından birində çalışan nevroloqlar elm ictimaiyyətini heyrətə salan nadir bir diaqnozla gündəmə gəliblər. Onlar 19 yaşlı gəncə Alzheimer xəstəliyi diaqnozu qoyublar.


Manset.az-ın əldə etdiyi məlumata görə, bu, xəstəliyin qeydə alınmış ən erkən hallarından biri kimi dəyərləndirilir.

Xəstənin yaddaş problemləri ilk dəfə 17 yaşında dərslərə diqqətini cəmləyə bilməməsi ilə başlayıb. Qısa müddət ərzində oxumaqda çətinlik, qısa müddətli yaddaş itkisi, tez-tez əşyaların itməsi kimi simptomlar müşahidə olunub. Vaxt keçdikcə vəziyyət daha da pisləşib – o, artıq bir gün əvvəl baş verənləri belə xatırlamaqda çətinlik çəkib.

Aparılan beyin skanlarında yaddaşa cavabdeh olan hipokampus bölgəsində daralma qeydə alınıb. Eyni zamanda serebrospinal maye analizində Alzheimer xəstəliyinə xas biomarkerlər aşkarlanıb. Bütün göstəricilər gənc yaşına baxmayaraq, xəstəyə Alzheimer diaqnozunun qoyulmasını əsaslandırıb.

Qeyd edək ki, Alzheimer xəstəliyi adətən yaşlı insanlarda müşahidə olunur. 65 yaşdan aşağı insanlarda rast gəlinən hallar "erkən başlayan Alzheimer" kimi tanınır və ümumi halların təxminən 10 faizini təşkil edir. 30 yaşdan aşağı xəstələrdə isə bu diaqnoz, adətən, genetik mutasiyalarla əlaqələndirilir və “ailəvi Alzheimer xəstəliyi (FAD)” adlanır.

Lakin bu gənc pasiyentdə aparılan genişmiqyaslı genetik analizlər heç bir məlum gen mutasiyası aşkar etməyib. Ailəsində də Alzheimer və ya demens kimi xəstəliklərin tarixçəsi müəyyən olunmayıb.

Yaddaş testləri göstərib ki, xəstənin dərhal yaddaş göstəriciləri yaşıdları ilə müqayisədə 87 faiz, ümumi yaddaş göstəricisi isə 82 faiz aşağıdır. Bu nəticələr xəstəliyin nə qədər irəlilədiyini nümayiş etdirir.

Diaqnozu qoyan nevroloqlardan biri – professor Jianping Jia bildirib ki, bu hadisə Alzheimer xəstəliyinin başlama yaşı ilə bağlı təsəvvürləri dəyişir:“Alzheimer yalnız yaşlı insanlara xas xəstəlik deyil. Bu hal xəstəliyin təbiətini daha dərindən öyrənmək üçün vacib bir fürsətdir”.

Alimlər bu nadir hadisənin 2023-cü ilin fevralında "Alzheimer’s Disease" jurnalında dərc olunduğunu və gənc fərdlərdə müşahidə edilən Alzheimer hallarının xəstəliyin inkişaf yollarını daha yaxşı anlamağa kömək edə biləcəyini vurğulayıblar.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az