Çinli cərrah Prof. Dr. Ronq Liunun rəhbərlik etdiyi komanda peyk və robot cərrahiyyə texnologiyasından istifadə etməklə 5000 kilometr uzaqlıqda, Lhasada yerləşən xəstələr üzərində uğurlu əməliyyatlar aparıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ənənəvi 5G dəstəkli cərrahi sistemlərin məsafə məhdudiyyətlərini aradan qaldıran bu əməliyyatda “Apstar-6D” peykinin aktivləşdirilməsi nəticəsində gecikmələr minimuma endirilib.
Professor Ronq Liunun rəhbərlik etdiyi həkimlər qrupu qaraciyər xərçəngi və hemangioma xəstəliyi diaqnozu qoyulmuş iki xəstəni təxminən 124 dəqiqə davam edən əməliyyatlarla müvəffəqiyyətlə müalicə edib. Yeni nəsil qoşulma sistemləri vasitəsilə əməliyyat zamanı məlumat axını fasiləsiz və yüksək dəqiqliklə təmin olunub.
Açıqlamada əməliyyatdan sonra ciddi fəsadların olmadığı və xəstələrin 24 saat ərzində evə buraxıldığı bildirilib.
Bu yenilikçi texnologiya uzaq məsafələrdən yüksək dəqiqlikli cərrahi müdaxilələrin gələcəyində yeni mərhələ olaraq qiymətləndirilir.