TikTok şirkəti Amerika bazarında fəaliyyətinin məhdudlaşdırılması ehtimalına qarşı alternativ mobil tətbiq üzərində işləyir.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, hazırda “M2” adlı işlək ad altında hazırlanan yeni proqramın sentyabrın 5-dən etibarən ABŞ-nin onlayn tətbiq mağazalarında istifadəyə verilməsi planlaşdırılır.
Yeni proqramın yaradılması ilə bağlı qərar ABŞ administrasiyasının TikTok-un çinli sahibi olan “ByteDance” şirkətini platformanı amerikalı investorlara satmağa məcbur etməsi fonunda verilib.
Rəsmi Pekin bu tələbi qəbul etməkdə tələsmir. Çin hakimiyyəti bildirib ki, TikTok-un taleyinə dair qərar qəbul edilərkən Çin qanunvericiliyi əsas götürüləcək.
Qeyd edək ki, ABŞ hökuməti TikTok-un milli təhlükəsizlik üçün potensial təhdid olduğunu əsas gətirərək, platformaya qarşı bir sıra məhdudlaşdırıcı tədbirlərin tətbiqini nəzərdən keçirir.