İyunun son həftəsindən etibarən Pakistanda davam edən musson yağışlarının səbəb olduğu daşqınlar nəticəsində həyatını itirənlərin sayı 111-ə yüksəlib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Pakistanın Milli Fəlakət İdarəsi (NDMA) verdiyi açıqlamada, musson yağışlarının hələ də Hayber Paxtunxva, Şərqi Pəncab, Sind və Bəlucistan əyalətlərində təsirini göstərməyə davam etdiyini bildirib.
Son 48 saatda yağan yağışların nəticəsi olaraq 7 nəfərin həyatını itirdiyi, 12 nəfərin isə yaralandığı açıqlanıb. 26 iyun – 14 iyul tarixləri arasında ölənlərin sayı isə 111-ə çatıb, yaralıların sayı isə 212-yə yüksəlib.
NDMA-nın məlumatına görə, yağışların intensivliyi Pakistanda artmağa davam edə bilər. Bu səbəbdən yerli hakimiyyət orqanlarına, həmçinin əhaliyə diqqətli olmaları və daşqınlardan qorunmaq üçün tədbir görmələri barədə xəbərdarlıq edilib.
Pakistan, hər il iyul və sentyabr ayları arasında güclü musson yağışları ilə üzləşir. Bu dövr ərzində yağışlar minlərlə insanın ölümünə və böyük maddi zərərlərə səbəb olur.