20 İl sonra yenidən tapıldı

09:33 - 24 İyul 2025

20 İl sonra yenidən tapıldı

On illərdir görünməyən və nəsli kəsilməkdən qorxan Barbados kəndir ilanı, Karib dənizindəki Barbados adasında yenidən tapılıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, alimlər bu nadir canlını yazda meşəlik ərazidəki kiçik bir qayanın altında aşkar ediblər.

Təxminən 10 santimetr uzunluğunda və 2 millimetr qalınlığında olan bu balaca ilan “qurd ilan” kimi tanınır, lakin o, əksər yer qurdlarından da kiçikdir. Barbados üçün endemik olan bu növ yalnız adada yaşayır və görmə qabiliyyəti yoxdur. Onun əsas pəhrizi termitlər və termit yumurtalarından ibarətdir.

Barbados Ətraf Mühit Nazirliyinin ekoloqu Connor Blades CBC-yə verdiyi müsahibəsində belə deyib: "İlan təxminən 20 ildir görünmürdü. Bu tapıntı karyeramın ən həyəcanlı anlarından biridir".

Elmi qeydlərdə isə yalnız beş dəfə sənədləşdirilib. Barbados kəndir ilanı son 135 ildə cəmi beş dəfə müşahidə edilib. İlk təsdiqlənmiş müşahidə 1889-cu ilə aiddir. 2008-ci ildə Temple Universitetinin professoru S. Blair Hedges tərəfindən aparılan araşdırmaya görə, genetik analiz bu ilan növünün dünyanın ən kiçik məlum ilanı olduğunu təsdiqləyib.

Professor Hedges də öz təcrübələrini paylaşaraq deyib: "İllərdir bu ilanı tapmağa çalışmışam. Yüzlərlə daşı çevirmişəm, lakin müvəffəqiyyət əldə edə bilməmişəm. Bu səbəbdən onun çox nadir bir növ olduğuna inanıram".

Re:wild mühafizə xeyriyyə təşkilatının rəhbəri Connor Blades və Castin Springer tərəfindən həyata keçirilən ekspedisiya, Barbadosun sürətlə itirilən biomüxtəlifliyinin qorunması üçün mühüm bir addım kimi qiymətləndirilir. Barbados Avropa müstəmləkəçiliyindən sonra təbii meşələrinin 98 faizini itirib. Bugün adadakı təbii, rütubətli meşələr yalnız kiçik bir ərazidə mövcuddur.

Blades, "Bu ilan adanın son qalan təbii meşə sahələrindən birində tapıldı. Bu yaşayış mühiti Barbados üçün inanılmaz dərəcədə dəyərlidir", deyə bildirib.

Blades, martın 20-də tapdığı ilanı Qərbi Hindistan Universitetinə apararaq mikroskopik müayinə etdirdi və onun bədəni boyunca uzanan xarakterik dorsal zolaqları sayəsində Barbados kəndir ilanı olduğunu təsdiqlədi. Bir ay sonra başqa bir meşə ərazisində ikinci bir fərd tapılıb. Bu yeni tapıntılar, elm adamlarına növlərin yaşayış mühiti haqqında daha çox məlumat əldə etməyə və daha effektiv qorunma strategiyaları hazırlamağa imkan verəcək.

Blades, "Bu növün hələ də mövcud olduğunu bilmək bizim üçün böyük bir qələbədir. Bu ilan həm adanın, həm də dünyanın biomüxtəlifliyinə töhfə verməyə davam edir", - deyə qeyd edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az