Meta 2025-ci ilin ilk yarısında fırıldaqçılıqla əlaqədar 6,8 milyon WhatsApp hesabının bağlandığını açıqlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, şirkət bu hesabların çoxunun Cənub-Şərqi Asiyada yerləşən mütəşəkkil cinayətkar qruplara aid olduğunu bildirib.
Meta fırıldaqçılığa qarşı yeni təhlükəsizlik tədbirləri də tətbiq edir. Bunlardan biri istifadəçi kontakt siyahısında olmayan biri tərəfindən qrup çatına əlavə ediləndə xəbərdarlıq sistemi ilə bağlıdır.
Fırıldaqçılar "WhatsApp" hesablarını oğurlayır, saxta investisiya qrupları yaradır və insanları kriptovalyuta və ya ödəniş yolu ilə aldadır. Şirkət bəzi hallarda fırıldaqçılıq üçün ChatGPT kimi alətlərdən istifadə olunduğunu da bildirib.
Meta və hüquq-mühafizə orqanları istifadəçiləri ehtiyatlı olmağa və ikiaddımlı doğrulama kimi təhlükəsizlik tədbirlərini aktivləşdirməyə çağırır.