İndoneziyanın Şərqi Yava əyalətində baş verən qızılca epidemiyası nəticəsində əksəriyyəti uşaq olmaqla 17 nəfər həyatını itirib.
Manset.az xəbər verir ki, bu barədə “Jakarta Globe” qəzeti məlumat yayıb. Məlumata görə, ölkədə qızılcaya yoluxma hallarında artım müşahidə olunur.
Səlahiyyətli şəxslər epidemiyanın Şərqi Yava əyalətinin Sümenep bölgəsində yayıldığını və ölənlərin əsasən azyaşlılar olduğunu açıqlayıblar.
İndoneziyanın səhiyyə naziri Budi Qunadi Sadikin, yoluxmaların artmasını Covid-19 pandemiyası dövründə dayandırılan peyvənd proqramları ilə əlaqələndirib. O bildirib:
"Qızılca peyvənd vasitəsilə qarşısı alına bilən xəstəlikdir. Buna görə də peyvənd strategiyamızı daha effektiv etmək üçün yeniləyəcəyik."
Epidemiya ilə mübarizə çərçivəsində Sümenep bölgəsində genişmiqyaslı peyvənd kampaniyasına start verilib.
Sentyabrın 14-dək davam edəcək kampaniya çərçivəsində bölgədəki uşaqların 95 faizinin peyvənd olunması hədəflənir.