Rusiya Prezidenti Vladimir Putin Türkiyəni həm ikitərəfli münasibətlərdə, həm də beynəlxalq arenada etibarlı tərəfdaş kimi gördüklərini bildirib.
Manset.az xəbər verir ki, o, bu fikirləri Çində keçirilən ŞƏT Zirvə Toplantısı çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdə səsləndirib.
Putin iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlığın artdığını, energetika sahəsində strateji layihələrin, xüsusilə Akkuyu AES-in tikintisinin davam etdiyini qeyd edib. O, Rusiya şirkətlərinin Türkiyədə, türk şirkətlərinin isə Rusiyada müxtəlif sahələrdə uğurla fəaliyyət göstərdiyini vurğulayıb.
Rusiya lideri 2024-cü ildə Türkiyəyə səfər edən rusiyalı turistlərin sayının 6,7 milyonu keçdiyini və bunun rekord göstərici olduğunu bildirib.
Putin, həmçinin, Ukrayna böhranının həlli istiqamətində göstərdiyi səylərə görə Türkiyəyə təşəkkür edib və bu prosesdə Ankara ilə əməkdaşlığın davam edəcəyini bildirib.