Almaniyanın Ruhr Universitetində aparılan son elmi tədqiqat nəticəsində xərçənglə mübarizədə tamamilə yeni bir yanaşma ortaya çıxıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, alimlər, xərçəng hüceyrələrini yalnız məhv etməklə kifayətlənməyən, eyni zamanda immun sistemini bu hüceyrələri tanımağa və onlara hücum etməyə “öyrədən” yeni dərman üzərində işləyirlər.
Universitetin açıqlamasına görə, tədqiqatçılar tərəfindən hazırlanmış qalium əsaslı yeni kimyəvi birləşmə hüceyrə daxilində, xüsusilə də endoplazmatik retikulumda oksidləşdirici stress yaradaraq nadir hallarda müşahidə olunan immunogen hüceyrə ölümünə səbəb olur. Bu proses nəticəsində hüceyrə sadəcə məhv olmur, eyni zamanda immun sistemini aktivləşdirərək bədənin digər yerlərində, o cümlədən metastazlarda olan xərçəng hüceyrələrini də tanıyıb məhv etməsinə şərait yaradır.
Hazırda yeni preparat laboratoriya şəraitində uşaqlıq boynu xərçəngi hüceyrələri üzərində sınaqdan keçirilib. Növbəti mərhələdə alimlər bu dərmanın yalnız şiş toxumasında aktivləşməsini təmin edəcək hədəfli çatdırılma sistemləri üzərində işləyirlər. Bu məqsədlə dərmanın ultrasəs və ya işıq vasitəsilə yalnız şiş nahiyəsində aktivləşdirilməsi planlaşdırılır.
Tədqiqatçılar bildirirlər ki, əgər klinik sınaqlar uğurla nəticələnərsə, bu yanaşma xərçəngin müalicəsində yeni bir dövr başlada bilər. Belə dərmanlar yalnız mövcud şişi yox etməklə kifayətlənməyəcək, həm də bədənin immun sisteminə xərçəng hüceyrələrini “tanımağı” öyrədərək xəstəliyin təkrarlanma riskini azalda bilər.
Qeyd edək ki, bu mühüm araşdırma ABŞ-də nəşr olunan nüfuzlu "Journal of Medicinal Chemistry" jurnalında 2025-ci il iyulun 17-də dərc olunub. Layihənin baş tədqiqatçıları arasında Zisis Papadopoulos, Yassin Antar, Frank Peeters və Johannes Karges kimi tanınmış alimlər yer alır.