Londondakı "Victoria and Albert Museum (V&A)" 20 ildən artıq müddət əvvəl "YouTube" platformasının yaranma anını əbədiləşdirən yeni eksponatı kolleksiyasına daxil edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, muzey platformanın həmtəsisçisi Jawed Karim tərəfindən yüklənmiş ilk videonu və həmin dövrə aid yenidən qurulmuş veb səhifəni fonduna əlavə edib.
"San Diego Zoo"da fillər haqqında olan “Me at the zoo” (Mən zooparkda) adlı 19 saniyəlik videoçarx 23 aprel 2005-ci ildə paylaşılıb.
O zaman 25 yaşı olan Kərimin göründüyü bu tarixi video bu günədək 382 milyondan çox baxış və 18 milyondan artıq bəyənmə toplayıb.
Muzeyin rəqəmsal mühafizə qrupu platformanın 8 dekabr 2006-cı il tarixli dizaynını və istifadəçi təcrübəsini yenidən qurmaq üçün 18 ay davam edən iş aparıb.