Tehranda ekoloji vəziyyət kritik həddə - VİDEO

15:43 - 08 Mart 2026

Tehranda ekoloji vəziyyət kritik həddə - VİDEO

İsrail və ABŞ-ın İranın strateji neft infrastrukturuna endirdiyi silsilə zərbələr Tehran və ətraf ərazilərdə ağır ekoloji fəsadlara yol açıb.


Manset.az xəbər verir ki, paytaxt Tehranın 10 milyondan çox sakini bu səhər şəhəri bürüyən qatı və boğucu qara tüstü dumanı ilə oyanıb.

CNN-in bölgədəki müxbiri Frederik Pleitgenin verdiyi məlumata görə, hücumlar nəticəsində yaranan tüstü buludları günəş işığının qarşısını kəsib və şəhərə “qara yağış” yağmağa başlayıb. Müşahidəçilər yağan yağışın tərkibində aşkar neft ləkələrinin olduğunu bildirirlər.

Yaranmış vəziyyətlə bağlı İranın Ətraf Mühitin Mühafizəsi Agentliyi hava keyfiyyətinin kritik həddə çatdığını bəyan edərək, sakinləri, xüsusilə tənəffüs yolları xəstəlikləri olanları evdən çıxmamağa çağırıb. Eyni zamanda, İran Qızıl Aypara Cəmiyyəti yanacaq çənlərinin partlaması nəticəsində havaya külli miqdarda zəhərli karbohidrogen birləşmələri, kükürd və azot oksidləri atıldığını açıqlayıb. Qurum bu maddələrin atmosferdəki rütubətlə birləşərək “turşu yağışları” yarada biləcəyi barədə xəbərdarlıq edib.

Qızıl Aypara Cəmiyyətinin bəyanatında bildirilir ki, yağıntı zamanı çöldə olmaq son dərəcə təhlükəlidir. Bu yağışların dəridə kimyəvi yanıqlara və ağciyərlərdə ciddi zədələnmələrə səbəb ola biləcəyi vurğulanır. Sakinlərdən qətiyyən çölə çıxmamaq, yağışa yaxalananların isə dərhal qapalı məkanlara sığınması tələb olunur.

Xatırladaq ki, ötən gecə həyata keçirilən əməliyyat çərçivəsində Tehran və Alborz vilayətlərində yerləşən 5 iri neft anbarı və nəql mərkəzi hədəf alınıb. Hücumlar nəticəsində ən azı 4 nəfər həlak olub, şəhərdə yanacaq paylanması müvəqqəti olaraq dayandırılıb.




Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az