Yeni proqnozlar güclü “Super El Nino” riskinin artdığını göstərir.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ mərkəzli NOAA və ECMWF tərəfindən yayımlanan yeni iqlim proqnozları, dünyanın müxtəlif bölgələrinə ciddi təsir göstərə biləcək güclü bir “Super El Nino” ehtimalının getdikcə artdığını ortaya qoyub. Mütəxəssislər bu inkişafın 2027-ci il üçün ciddi bir xəbərdarlıq olduğunu bildirirlər, çünki bu il qlobal temperatur rekordları qırıla bilər.
Sakit Okeanında dəniz səthinin temperaturunun normal səviyyələrin xeyli üzərinə çıxması ilə yaranan "El Nino" dünyanın müxtəlif regionlarında hava şəraitini dəyişdirən təbii bir iqlim hadisəsi kimi tanınır. Lakin elm adamları, insan fəaliyyətindən qaynaqlanan iqlim dəyişiklikləri ilə birləşən güclü "El Nino"nun daha ciddi nəticələr doğura biləcəyinə diqqət çəkir.
Avropa mərkəzli proqnoz modellərinə görə, ekvatoral Sakit Okeanın mərkəzi hissəsində dəniz səthinin temperaturu payız aylarında mövsüm normallarından təxminən 3 dərəcə yüksək ola bilər.
Mütəxəssislər bildirirlər ki, "El Nino"nun “super” kateqoriyasına daxil olması üçün temperatur artımının ən azı 2 dərəcə olması lazımdır. Bu səviyyə aşılarsa, atmosfer təsirləri dünya üzrə daha güclü hiss olunacaq.
İqlim alimlərinə görə, güclü "El Nino" təsiri 2026-cı ilin sonuna qədər davam edərsə, 2027-ci il tarixdə qeydə alınan ən isti illərdən biri ola bilər.