İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin viza əldə etməkdə qarşılaşdığı çətinliklər səbəbindən planlaşdırdığı ABŞ səfərini ləğv etdiyi bildirilir.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, məlumata görə, Ben-Qvir israilli iş adamı Yaakov Elhararın qızının toy mərasimində iştirak etmək və diplomatik görüş keçirmək məqsədilə ABŞ səfirliyinə viza üçün müraciət edib.
Qeyd olunur ki, nazir viza prosedurları çərçivəsində barmaq izi vermək üçün ABŞ səfirliyinə dəvət edildikdən sonra səfər planından imtina edib.
İsrail mətbuatı yazır ki, Ben-Qvir digər hökumət üzvləri kimi diplomatik viza almaq hüququna malikdir. Lakin ABŞ səfirliyi qeyri-adi prosedur tətbiq edərək ifrat sağçı nazirin barmaq izlərini tələb edib.
Ben-Qvirin ofisinin açıqlamasında da ABŞ-ın İsraildəki səfirliyinin viza rəsmiləşdirilməsi üçün ondan barmaq izi istədiyi təsdiqlənib.