İsveçrənin vitse-prezidenti İqnatsio Kassis İsveçrə parlamentində təxribat xarakterli sual verən erməni revanşist Erik Fontobelə yerini göstərib.
Manset.az xəbər verir ki, iyunun 15-də İsveçrə parlamentində keçirilən "Hökumətə suallar saatı" (Fragestunde) çərçivəsində erməni revanşistlərinin lobbiçisi olan deputat Erik Fontobel İsveçrənin vitse-prezidenti və Federal Xarici İşlər Departamentinin rəhbəri İqnatsio Kassisə "Dağlıq Qarabağ üçün Sülh Forumu" adlı təşəbbüsünün hazırkı vəziyyəti ilə bağlı sual ünvanlayıb.
Kassis suala cavabında bildirib ki, nə Azərbaycan, nə də Ermənistan tərəfi bu forumun təşkilini əvvəldən məqsədəuyğun hesab edib. Onun sözlərinə görə, bu mövqe cari ilin aprel ayında hər iki ölkə ilə aparılmış siyasi məsləhətləşmələr zamanı da təsdiqlənib.
O, həmçinin qeyd edib ki, İsveçrə tərəfi "Dağlıq Qarabağ"ı dövlət qurumu kimi tanımır və Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesini dəstəkləyir.
Buna baxmayaraq, Fontobel bildirib ki, Azərbaycan və Ermənistan bu məsələ ilə bağlı vahid mövqe nümayiş etdirsələr də, münaqişədən birbaşa təsirlənmiş şəxslərin, yəni Qarabağ bölgəsini könüllü şəkildə tərk etmiş erməni əsilli şəxslərin sülh prosesinə cəlb olunması vacibdir.
İ.Kassis vurğulayıb ki, İsveçrə beynəlxalq münasibətlər çərçivəsində yalnız suveren dövlətlərlə rəsmi əlaqələr saxlayır. O qeyd edib ki, üçüncü tərəflərlə birbaşa siyasi münasibətlərin qurulması digər dövlətlərin daxili işlərinə müdaxilə kimi qiymətləndirilə bilər ki, bu da İsveçrənin maraqlarına uyğun deyil.