İngiltərədə hava temperaturunun 40 dərəcəyə çatacağı gözlənilir. Bununla əlaqədar ölkədə nəqliyyatın işində problemlər yaranıb, yüzlərlə məktəbdə isə dərslərin vaxtından əvvəl başa çatdırılması qərarı verilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Milli Meteorologiya Xidməti nadir rast gəlinən “qırmızı səviyyəli ekstremal isti” xəbərdarlığı elan edib.
Mütəxəssislərin sözlərinə görə, Qərbi Avropa üzərində formalaşan “istilik qübbəsi” İngiltərə və Uelsin bəzi bölgələrində rekord temperaturun qeydə alınmasına səbəb olacaq.
İsti hava səbəbindən dəmir yolu reysləri azaldılıb, qatarların sürətinə məhdudiyyət qoyulub. Suya tələbatın artması fonunda bir sıra bölgələrdə bağ və həyətlərin şlanqla suvarılmasına qadağa tətbiq edilib.
Hökumət vəziyyəti müzakirə etmək üçün fövqəladə toplantı keçirib. Səhiyyə qurumları isə əhalini yüksək temperaturun sağlamlıq üçün ciddi risk yaratdığı barədə xəbərdar edib.