Türkiyənin Eskişehir şəhərində mövsümi işçilərin yaşadığı çadır düşərgəsində yol qəzası baş verib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi nəticəsində 1 yaşlı Şeyma Əl Hazum həyatını itirib.
Hadisə rayonun Aksaklı məhəlləsində mövsümi işçilərin məskunlaşdığı çadır ərazisində qeydə alınıb. İlkin məlumata görə, 22 yaşlı B.E.H.-nin idarə etdiyi dövlət qeydiyyat nişanı olmayan mikroavtobus geriyə hərəkət edərkən nəqliyyat vasitəsinin arxasında olan Şeyma Əl Hazumu vurub.
Ağır xəsarət alan azyaşlı ailə üzvləri tərəfindən təcili olaraq Eskişehir Şəhər Xəstəxanasına çatdırılıb.
Həkimlərin bütün səylərinə baxmayaraq, Şeyma Əl Hazumun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma başlanılıb.