Narkotiklərlə mübarizə çərçivəsində Türkiyənin Bakırköy Cümhuriyyət Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində aralarında sənətçi, aktyor və iş adamlarının da olduğu 25 şübhəli barəsində saxlanılma qərarı verilib.
Manset.az xəbər verir ki, saxlanılanlar arasında rejissor Fatih Aksoy, müğənni Sıla Gençoğlu və İlyas Yalçıntaş da var. Baş Prokurorluğun açıqlamasında bildirilib:
"Cəmiyyətin sağlamlığı və təhlükəsizliyini təhdid edən narkotik vasitələrə qarşı mübarizə çərçivəsində Bakırköy Cümhuriyyət Baş Prokurorluğumuz tərəfindən aparılan istintaq zamanı ictimaiyyətdə sənətçi, aktyor, iş adamı və sahibkar kimi tanınan şübhəlilərin narkotik və psixotrop maddələrdən istifadə etdikləri, narkotik vasitələrin istifadəsini asanlaşdırdıqları və ya bunun üçün şərait yaratdıqlarına dair əsaslı şübhəni təsdiqləyən sübutlar əldə olunub.
Bununla əlaqədar İstanbul Vilayət Jandarma Komandanlığına 16 iyul 2026-cı il tarixində 25 şübhəlinin saxlanılması, yaşadıqları ünvanlarda axtarış aparılması, bioloji nümunələrinin götürülməsi, ifadələrinin alınması və sonradan Bakırköy Cümhuriyyət Baş Prokurorluğuna təqdim edilmələri barədə göstəriş verilib."
Əməliyyat çərçivəsində Sıla Gençoğlu, İlyas Yalçıntaş, Mehmet Fatih Aksoy, Ateş İnce, Şefik Ömer Dolman, Aybüke Aldere, Ayşe Nur Balcı, İrem Haznedar, Orhan Yıldız və Öner Faruk Işık saxlanılıb.
Bundan əlavə, İlyas Yalçıntaşın evində aparılan axtarış zamanı həssas elektron tərəzi və narkotik maddələrin istifadəsi üçün nəzərdə tutulduğu ehtimal edilən müxtəlif ləvazimatlar aşkar edilərək götürülüb.