Perunun Sikaya şəhəri yaxınlığında baş verən 5,5 maqnitudalı zəlzələ nəticəsində 6 nəfər ölüb, 32 nəfər yaralanıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə, zəlzələnin episentri Sikaya şəhərinin 2 kilometr cənub-qərbində yerləşib, yeraltı təkanlar isə 10 kilometr dərinlikdə qeydə alınıb.
Təbii fəlakət nəticəsində Xunin bölgəsindəki bir tibb müəssisəsinin infrastrukturuna ziyan dəyib, El Karmen Rayon Doğum və Uşaq Xəstəxanasında da dağıntılar qeydə alınıb. Bildirilib ki, xəstəxananın uşaq reanimasiya şöbəsində çatlar əmələ gəlib.
Perunun Milli Fövqəladə Hallar üzrə Əməliyyat Komitəsi (COEN) zəlzələdən sonra bir sıra rayonlarda elektrik enerjisinin kəsildiyini açıqlayıb. Yeraltı təkanlar paytaxt Lima və Huankayo şəhərində də hiss olunub. Sosial şəbəkələrdə paylaşım edən sakinlər güclü sarsıntı hiss etdiklərini bildiriblər, bəzi ərazilərdə isə təhlükəsizlik məqsədilə insanlar evlərdən və digər binalardan təxliyə olunublar.