Rumıniya Hərbi Hava Qüvvələri (HHQ) ölkə ərazisi üzərində pilotsuz uçuş aparatını (PUA) vurub. Bu, son üç gün ərzində qeydə alınan üçüncü analoji insidentdir.
Manset.az xəbər verir ki, bu barədə Rumıniya Prezidenti Nikuşor Dan "X" sosial şəbəkəsində paylaşım edib.
"Bu gün səhər saat 10:13-də (Bakı vaxtı ilə saat 11:13-də) Rumıniya HHQ-yə məxsus F-16 qırıcısı Sulina-Kiliya rayonu üzərində, Rumıniyanın ərazi suları üzərində daha bir pilotsuz uçuş aparatını vurub", - deyə o bildirib.
Prezident həmçinin Baş Prokurorluğun apardığı araşdırmaya istinadən xatırladıb ki, cümə günü səhər vurulan dron Rusiyanın Ukraynaya qarşı müharibədə istifadə etdiyi "Şahed" tipli PUA olub.
Xatırladaq ki, Rumıniya Hərbi Hava Qüvvələri iyulun 25-i səhər Rusiyanın Ukraynaya növbəti hücumu zamanı ölkənin hava məkanını pozan pilotsuz uçuş aparatını məhv etmişdi.
Bundan bir gün əvvəl - iyulun 24-də isə Rumıniyaya məxsus F-16 qırıcısı ölkənin hava məkanına daxil olan daha bir dronu vurmuşdu.