Qətər İran və Oman arasında Hörmüz boğazı ilə bağlı aparılan danışıqların mühüm mərhələyə çatdığını açıqlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Macid əl-Ənsari paytaxt Dohada keçirdiyi mətbuat konfransında ABŞ-İran münasibətlərindəki gərginlik, İran və Oman arasında Hörmüz boğazı ilə bağlı danışıqlar, eləcə də bölgədəki son hadisələr və Qəzzada atəşkəs vəziyyəti barədə açıqlamalar verib.
Ənsari bildirib ki, Qətərin vasitəçi kimi əsas məqsədi Hörmüz boğazının mümkün qədər qısa müddətdə yenidən açılmasıdır. Onun sözlərinə görə, Qətər Oman və İrandan danışıqlarla bağlı müsbət cavablar alıb.
Qətər Hörmüz boğazının təhlükəsizliyini və dəniz nəqliyyatının sərbəstliyini təmin edən, boğazdan siyasi təzyiq vasitəsi kimi istifadənin qarşısını alan istənilən razılaşmanı dəstəkləyir.
Ənsari ABŞ ilə İran arasında danışıqların davam etdiyini də bildirib. O, bölgədə gərginliyin dayandırılması üçün tərəflərlə diplomatik səylərin davam etdirildiyini, əsas məqsədin gərginliyə mümkün qədər tez son qoymaq, danışıqlar masasına qayıtmaq və Hörmüz boğazını əvvəlki kimi maneəsiz gəmiçilik üçün açmaq olduğunu vurğulayıb.