Rusiyada qadağan olunmuş məzmunu platformalarından silmədikləri üçün “Telegram” və “Google” şirkətləri ümumilikdə 26 milyon rubl (təxminən 313 min ABŞ dolları) məbləğində cərimələnib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Moskvanın Taqanski Rayon Məhkəməsi “Telegram” və “Google”a qarşı qaldırılan işlər üzrə qərar çıxarıb.
Məhkəmə sözügedən platformalarda qadağan olunmuş məzmunun silinməməsini Rusiya qanunvericiliyinin tələblərinin pozulması kimi qiymətləndirib. Qərara əsasən, “Telegram” 18,4 milyon rubl, “Google” isə 7,6 milyon rubl cərimə ödəməlidir.
Rusiyada xarici internet platformalarına qarşı bu cür cərimələr daha əvvəl də tətbiq olunub. “Instagram”, “YouTube”, “X” və “TikTok” kimi platformalar da qadağan olunmuş məzmunu silməmək və ölkə qanunvericiliyində nəzərdə tutulan öhdəlikləri yerinə yetirməmək ittihamları ilə müxtəlif məbləğlərdə cərimələnib.
Bundan əlavə, Rusiyada “Telegram”a girişin məhdudlaşdırılması ilə bağlı tədbirlər də həyata keçirilir.