Türkiyənin Amasya şəhərində 3 yaşlı uşaq üçüncü mərtəbədə yerləşən mənzilin balkonundan yıxılaraq ağır xəsarət alıb.
Manset.az türk mediasına istinadən xəbər verir ki, hadisə saat 08:00 radələrində Şeyhcui məhəlləsində baş verib.
Məlumata görə, azyaşlı qonşuların köçməsi zamanı əşyaların daşınmasını izləmək üçün balkona çıxıb. Yeni tikilən binada qapalı “şüşə balkon” kimi layihələndirilən, lakin şüşə panelləri hələ quraşdırılmayan balkondan baxarkən uşaq müvazinətini itirib və üçüncü mərtəbədən yerə düşüb.
Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub. İlkin tibbi yardım göstərilən uşaq daha sonra Amasya Universiteti Sabuncuoğlu Şerefeddin Tədris və Araşdırma Xəstəxanasına çatdırılıb.
Müayinə zamanı onun ayaqlarında və kəllə sümüyündə sınıqlar aşkarlanıb. Ağır xəsarət alan uşağın vəziyyətinin ciddi olduğu bildirilir.