Belçikada həbsxana əməkdaşları həddindən artıq sıxlıq, işçi çatışmazlığı və təhlükəsizlik problemlərinə etiraz olaraq beşgünlük tətilə başlayıblar.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ölkədəki müxtəlif həmkarlar ittifaqlarının çağırışı ilə dünən axşam başlayan tətil sentyabrın 11-i axşam saatlarına qədər davam edəcək.
Tətil müddətində ölkənin bütün həbsxanalarında məhbuslarla bağlı yalnız təhlükəsizlik, qida paylanması və tibbi xidmətlər kimi əsas xidmətlər göstəriləcək. Minimum xidmətlərin təmin edilməsi üçün kifayət qədər əməkdaş olmadığı halda bəzi həbsxana işçiləri məcburi qaydada işə cəlb edilə bilər.
Həmkarlar ittifaqları həbsxanalardakı həddindən artıq sıxlığın aradan qaldırılmasını, işçi çatışmazlığının həll edilməsini, əməkdaşların toplandığı məzuniyyət günlərindən qısa müddətdə istifadə etməsinə şərait yaradılmasını, köhnəlmiş və yetərsiz infrastrukturun yenilənməsini, eləcə də təhlükəsizlik tədbirlərinin gücləndirilməsini tələb edirlər.