Ermənistanda 2027-ci ildən dəfn müavinətinin verilməsi qaydalarının dəyişdirilməsi planlaşdırılır.
Manset.az Musavat.com-a istinadən xəbər verir ki, yeni sistem nəticəsində bu ödənişi alanların sayının təxminən 98 faiz azalacağı gözlənilir.
Yeni qaydalara əsasən, hazırda 200 min dram — təxminən 870 manat təşkil edən dəfn müavinətini yalnız aztəminatlılıq üzrə sosial yardım almaq hüququ olan ailələr əldə edə biləcəklər.
Hazırda isə bu vəsait pensiyaçının, yaşa görə sosial ödəniş alan şəxsin, əlilliyi olan şəxsin və ya ailə başçısını itirməyə görə müavinət alan şəxsin vəfatı zamanı ödənilir.
Yeni qaydalara görə, müavinətin verilməsi üçün daha bir şərt müəyyənləşdirilir: vəfat edən şəxs Ermənistan ərazisində ölməli və orada dəfn edilməlidir. Ödəniş müraciət əsasında təyin olunacaq. Müraciətin məzmunu və təqdim edilməsi qaydasını hökumət daha sonra müəyyənləşdirəcək.
Məlumata görə, 2025-ci ildə Ermənistanda 21 768 nəfər dəfn müavinəti alıb. Yeni sistem qüvvəyə minərsə, 2027-ci ildə bu rəqəmin cəmi 300–400 nəfərə düşəcəyi gözlənilir. Bu isə müavinət alanların sayının təxminən 98 faiz azalması deməkdir.