ABŞ Prezidenti Donald Tramp qanunvericiliyin ona yenidən dövlət başçısı postuna namizəd olmağa imkan vermədiyini bildirib.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, o, bu barədə “The New York Post” nəşrinə müsahibəsində danışıb.
“İmkanım olsaydı, məmnuniyyətlə namizədliyimi irəli sürərdim. Amma qanunun müddəaları çox aydındır”, – deyə Tramp bildirib.
Qeyd edək ki, ABŞ Konstitusiyasına 22-ci düzəliş bir şəxsin prezident seçilməsini iki müddətlə məhdudlaşdırır. Buna baxmayaraq, Tramp daha əvvəl üçüncü dəfə namizədliyini irəli sürmək imkanını nəzərdən keçirdiyini açıqlamışdı.
O, oktyabrda 2020-ci il prezident seçkilərinin saxtalaşdırıldığını iddia edərək üçüncü müddətə namizəd olmaq hüququnun olduğunu bildirmişdi. Avqustda isə “Truth Social” hesabında “Tramp 2028 – Amerikanı yenidən möhtəşəm edək” yazısı olan paylaşım etmişdi.
Xatırladaq ki, ABŞ-ın hazırkı vitse-prezidenti Cey Di Vens də 2028-ci il prezident seçkiləri ilə bağlı planlarından danışıb.