Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) Səudiyyə Ərəbistanı sahillərində bir neft tankerinin kimliyi hələ müəyyənləşdirilməyən iki sursatla vurulduğunu açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən xəbərinə görə, UKMTO-nun yaydığı məlumatda bildirilib ki, Fars körfəzində baş verən hadisə ilə bağlı quruma tankerin kapitanı tərəfindən məlumat verilib.
Açıqlamaya görə, tanker Səudiyyə Ərəbistanının Fars körfəzi sahilində yerləşən Ras əl-Xəfci bölgəsindən 72 dəniz mili şimal-şərqdə mənşəyi və növü hələ müəyyənləşdirilməyən iki sursatın hədəfinə çevrilib.
Sursatların gəminin sol bortuna dəydiyi bildirilib. Hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb.
UKMTO bölgədən keçən gəmiləri ehtiyatlı olmağa çağırıb, həmçinin şübhəli fəaliyyətlərlə bağlı quruma məlumat verilməsini tövsiyə edib.
Hücuma məruz qalan tankerin adı və hansı ölkənin bayrağı altında üzdüyü barədə məlumat açıqlanmayıb.
Qeyd edək ki, UKMTO ötən gün axşam saatlarında Hörmüz boğazında başqa bir gəmiyə də mənşəyi hələ müəyyənləşdirilməyən naməlum obyektin dəydiyini bildirmişdi.