Gürcüstanın hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası ölkədə surroqat analığın qadağan edilməsini nəzərdə tutan qanun layihəsi hazırlayır.
Manset.az xəbər verir ki, bu barədə parlament çoxluğunun lideri İrakli Kirtsxaliya brifinqdə bildirib.
Onun sözlərinə görə, hakim partiya surroqat analığın qadağan edilməsi barədə qərar qəbul edib və müvafiq qanun layihəsi yaxın vaxtlarda parlamentə təqdim olunacaq.
Kirtsxaliya bildirib ki, məsələ ilə bağlı Gürcüstan Patriarxlığı ilə fəal məsləhətləşmələr aparılır.
O, təşəbbüsün əsas səbəbləri kimi insan alveri, qadınların mümkün istismarı və uşaqların hüquqlarının müdafiəsi ilə bağlı riskləri göstərib.
Parlament çoxluğunun lideri qeyd edib ki, surroqat analıq xidmətləri son illərdə Gürcüstanda genişlənib və bu sahədə iqtisadi maraqların artması müəyyən hüquqi və etik problemlər yaradır.
Kirtsxaliyanın sözlərinə görə, surroqat analıqdan əldə edilən maddi gəlir mövcud riskləri aradan qaldırmır.
O, qanun layihəsinin qısa müddətdə qəbul ediləcəyini gözlədiklərini bildirib.
Qeyd edək ki, 2023-cü ildə Gürcüstan hakimiyyəti surroqat analıq xidmətlərinin xarici vətəndaşlar üçün qadağan edilməsini müzakirə etmişdi. Lakin indi bu fəaliyyətin ölkə ərazisində tamamilə qadağan olunması nəzərdə tutulur.