İranda hicabsız konsert verən 29 yaşlı müğənni Pərastoo Əhmədi və onun dörd nəfərdən ibarət komanda üzvünə təyin olunan 74 şallaq cəzasına Birləşmiş Millətlər Təşkilatı (BMT) və ABŞ kəskin etiraz edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, İranda qadınlara qarşı məcburi hicab tələbi bir daha beynəlxalq ictimaiyyətin diqqət mərkəzinə düşüb. 2024-cü ilin dekabrında “YouTube” platformasında yayımladığı konsertdə hicabsız mahnı ifa edən iranlı müğənni Pərastoo Əhmədiyə verilmiş 74 şallaq cəzası 2026-cı il noyabrın 23-də icra olunub.
Vəkil Mustafa Nilinin açıqlamasına istinadən yaydığı məlumata görə, müğənni ilə yanaşı, konsert qrupunun dörd üzvünə də ayrı-ayrılıqda 74 şallaq vurulub.
Sənətçiyə həmçinin iki il müddətinə musiqi və incəsənət fəaliyyəti ilə məşğul olmaq, eləcə də ölkədən çıxmaq qadağası qoyulub.
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk noyabrın 24-də verdiyi açıqlamada şallaq cəzasının işgəncə hesab edildiyini və beynəlxalq hüquq normaları ilə qadağan olunduğunu vurğulayıb.
Volker Türk İran hakimiyyətini digər şallaq cəzalarının icrasını dayandırmağa və bu cəza növünü qanunvericilikdən tamamilə çıxarmağa çağırıb.
ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts isə sözügedən cəzanı “Orta əsrlərə xas barbarlıq” adlandırıb.