ANAMA Cəbrayıl rayonu ərazisində baş vermiş mina partlayışı hadisəsi ilə bağlı əlavə məlumat yayıb.
Bildirilir ki, iyunun 17-si Cəbrayıl rayonu ərazisində baş vermiş mina hadisəsi zamanı yaxınlıqda olan ANAMA-nın bir neçə əməkdaşı Beynəlxalq Minatəmizləmə Standardlarına uyğun olaraq profilaktika məqsədilə həkim müayinəsindən keçirilir, onlara psixoloji dəstək göstərilir.
12:05
Cəbrayıl Rayon Prokurorluğu hadisə ilə bağlı məlumat yayıb.
Bildirilir ki, iyunun 17-si saat 9:00 radələrində ANAMA əməkdaşı, 1991-ci il təvəllüdlü Ruhin Vəliyev piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Cəbrayıl Rayon Prokurorluğunda araşdırma aparılır.
10:20
Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı xidməti vəzifəsini yerinə yetirərkən mina hadisəsi baş verib.
Bu barədə Manset.az-a qurumun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilir ki, iyunun 17-də Agentliyin əməkdaşı işğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib: “Hadisə tərəfimizdən araşdırılır. Araşdırmalar yekunlaşdıqdan sonra nəticə barədə ictimaiyyətə məlumat veriləcək”.