"Qalatasaray"ın heyətində mövsümə damğasını vuran Viktor Osimhen gələcək karyerası ilə bağlı hələ də qərar verməyib.
Manset.az-ın əldə etdiyi məlumata görə, klubun onu komandada saxlamaq istəməsinə baxmayaraq, nigeriyalı hücumçunun irəli sürdüyü maliyyə tələbləri gündəmə gəlib.
Məlumata görə, super Liqanın 25-ci çempionluğunu qazanan "Qalatasaray"da Osimhenin çıxışı rəhbərliyin diqqətini cəlb edib. "Napoli"dən icarəyə götürülən və 41 oyunda 37 qol, 8 məhsuldar ötürmə ilə çıxış edən 26 yaşlı forvardın müqavilə ilə bağlı istəkləri isə gündəmi zəbt edib.
Keçmiş futbolçu Həsən Şaş verdiyi açıqlamada, Osimhenin "Qalatasaray"dan 5 illik müqavilə və illik 20 milyon avro maaş tələb etdiyini bildirib. Bildirilir ki, Osimhen 31 yaşına qədər İstanbul klubunda qalmaq istəyir.
"Qalatasaray"ın Osimheni transfer haqqı ilə heyətinə qatmaq üçün "Napoli"yə 75 milyon avro məbləğində sərbəstqalma şərtini ödəməsi tələb olunur.
Hazırda tərəflər arasında danışıqların davam etdiyi və yekun qərarın yaxın günlərdə veriləcəyi gözlənilir.