"Geridə qalan 3 oyunda mən və akademiyadakı məşqçilər gəldik, əlimizdən gələni etdik. Düşündük ki, komanda bəlkə toparlanar və nəticələr yaxşı olar. Amma görünür ki, nəticələr yaxşı olmadı. Hamımız birlikdə azarkeşlərimizi üzdük. Üç oyunumuzu müqayisə etsək, bəlkə də ən pisi bu günkü idi. Birinci hissədə rəqibə müqavimət göstərməyə çalışdıq. Meydana 2 hücumçu ilə çıxdıq ki, bəlkə rəqibə təzyiq edə bildik. Fasilədən sonra bəzi futbolçular zədə səbəbindən əvəzetmə istədilər. Bunu da reallaşdırdıq. Oyuna təsir etməyə çalışdıq. Bu da bəhrəsini vermədi".
Manset.az Sportal.az-a istinadən xəbər verir ki, bu sözləri “Neftçi”nin müvəqqəti baş məşqçisi Sənan Qurbanov Misli Premyer Liqasının 14-cü turunun “Sabah”La(2:0) görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını cavablandırıb.
- "Neftçi”də bu yay komandaya gələn Alessio Kurçidən başqası tapılmadı ki, məğlubiyyətə görə azarkeşlərdən üzrxahlıq etsin?
- Əlbəttə ki, bütün futbolçular olaraq azarkeşlərdən üzrxahlıq etmək mümkündür. Düşünürəm ki, artıq futbolçular da nəticələrə görə utanır. Allah qoysa, qarşıdakı günlərdə "Neftçi” üçün xeyirli olar, yeni baş məşqçi gələr və komandanı toparlayar. Biz ancaq “Neftçi”nin yaxşı olmasını arzulayırıq.
- Kenan Piriç 1-ci turdan bu yana səhvlər edir, bu gün də etdi. Amma ehtiyat skamyaya göndərilmir. Bu qədər lüksu haradandır? Sessi Dalmeyda da səhvlər etsə də, yenə də start heyətindədir. Onların bu qədər start heyətində qalmasının arxasında nə dayanır?
- Siz kənardan bəlkə daha yaxşı görürsüz. Mən də “Neftçi”nin oyunlarını izləyirdim. Birdən-birə qlobal dəyişikliyə gedə bilməzdim. Futbolçular gərək məşqlərdə yaxşı tərəfdən özlərini göstərsinlər ki, meydana çıxa bilsinlər. Mən sadəcə gördüklərimi oynatdım. Çox da dəyişikliyə gedə bilmədim.