“Mən həqiqət naminə bir şeyi açıqlamalıyam. “Bakı” klubunun qorunub saxlanması üçün AFFA əlindən gələni etdi. Bəzi detalları açıqlamaq düzgün deyil. Federasiya həm klubu, həm də akademiyamızı saxlamaq üçün çox iş gördü”.
Manset.az xəbər verir ki, bu sözləri Qol.az-a müsahibəsində fəaliyyətini dayandıran “Bakı” klubunun vitse-prezidenti olmuş Yaşar Seyidov deyib.
O, “Bakı”nın qorunub saxlanılmamasında AFFA-nı qınayanların düzgün fikirdə olmadığını bildirib. Qeyd edib ki, federasiyanın da klubun yaşaması üçün gücü çatmayıb: “AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov klub üçün 5 milyon manatın ayrılmasına nail olmuşdu. Bu büdcə bu gün Premyer Liqada oynayan klubların büdcəsinə yaxındır. Bunu ilk dəfə sizə deyirəm. Çünki çox adam “Bakı”nı qoruyub saxlamamaqda AFFA-nı ittiham edir. Klubun yaşaması üçün AFFA çox böyük işlər gördü, amma sonra onların da gücü çatmadı. Daha indi bunları demək lazımdır. Mən şəxsən AFFA prezidenti Rövnəq müəllimə müraciət etmişdim. O da “Bakı”nın akademiyasının saxlanması üçün o vaxt baş katib olan Elxan Məmmədova tapşırıq vermişdi. Elxan müəllim dəfələrlə bazada oldu, müəyyən adamlarla görüşdük. Hətta “Bakı”nın Premyer Liqada oynamasına qədər bütün məsələlər həll olunmuşdu. Bu, 2014-cü ildə olmuşdu. Yəni biz onda Premyer Liqanı tərk edib birinci diviziona düşürdük. Bunu heç kim bilmir, ilk dəfə deyirəm. Bütün futbolçular, məşqçilərlə olan maliyyə öhdəlikəri də həll olunmuşdu. Ancaq son anda səbəbini açıqlaya bilməyəcəyim məsələyə görə baş tutmadı”.