Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazinin “Qarabağ”ın əsas heyət üzvü Qara Qarayevi toplanışa dəvət etməməsi haqlı narazılıqlara səbəb oldu. Bu gün Slovakiya ilə qarşılaşacaq millinin baş məşqçisi dünən baş tutan mətbuat konfransında da açıqlama verərək futbolçunun heyətdə olmamasının səbəbini özünün bildiyini deyir. Bütün məsuliyyəti Qarayevin üzərinə atır.
Manset.az-ın məlumatına görə, təcrübəli yarımmüdafiəçi instaqramda De Byazi ilə fotosunu paylaşıb və açıqlama yazıb:
“Milli komandaya dəvət almamağımla bağlı mənə çoxlu suallar ünvanlanır. Təbii ki, millidən kənarda qalmaq ilk növbədə vətənini sevən bir azərbaycanlı kimi, daha sonra futbolçu kimi məni məyus edir. Amma seçim ilə bağlı qərara hörmətlə yanaşıram. Hazırda özümü yaxşı hiss edirəm. Dəvət olunmamağım zədə ilə bağlı deyil. Tam səmimiyətimlə inanıram ki, milliyə dəvət alan hər kəs orada olmağa layiqdir. İnanıram ki, komanda yoldaşlarım qarşıdakı iki oyunda yaxşı çıxış edəcəklər və onların uğur qazanacağına əminəm. Millimizə uğurlar arzulayıram. Hər iki oyunda milli komandadan olan formamı geyib, komanda yoldaşlarıma mənəvi dəstək olacam. “Qarabağ”a gəlincə isə 3 günlük istrahətdən sonra məşqləri bərpa edəcəyik. Bütün diqqətimi komandamın növbəti oyunlarına yönəldəcəm. Həm milli çempionatda, həm də avrokuboklarda uğurlu nəticə əldə etmək istəyirik. Sonda mənə dəstək olan və olmayan hər kəsə sonsuz təşəkkürlər!”