Media Təhlil Mərkəzinin (MTM) Mərkəzi Bankın rəsmi məlumatları əsasında apardığı təhlilə əsasən, son 4 ildə Azərbaycanda bank kartlarının sayı 2021-ci ilin I rübünün sonu (10 126 070 kart) ilə müqayisədə 2 dəfədən çox, daha dəqiq desək, 10 333 840 ədəd artıb. Bu da o deməkdir ki, ölkədə adambaşına düşən aktiv bank kartlarının sayı təxminən 2-yə bərabərdir.
Manset.az xəbər verir ki, bununla bağlı MTM məlumat yayıb.
Qeyd edək ki, 2025-ci ilin I rübünün sonuna olan məlumata görə, ölkədə aktiv olan bank kartlarının sayı son bir ildə 17.4% və ya 3 038 782 ədəd artaraq 20 459 910-a çatıb. Ötən ilin I rübündə isə bu göstərici 17 421 128-ə bərabər idi.
Rəsmi rəqəmlərə əsasən, hazırda Azərbaycanda aktiv olan bank kartlarının böyük hissəsini debet kartlar təşkil edir. Ölkədəki aktiv bank kartlarının 88.87%-i və ya 18 181 786 ədədi məhz debet kartlardır. Kredit kartlarının sayı 2 278 124-ə bərabərdir ki, bu da ümumi kart sayının 11.13%-i deməkdir.
Əhalinin istifadəsində olan çox sayda debet kartının 18.63%-ni və ya 3 387 683 ədədini sosial kartlar (pensiya, müavinət və s.), 15.99%-ni və ya 2 906 633 ədədini isə əməkhaqqı kartları təşkil edir. Qalan 11 884 470 debet kart isə əhalinin əlavə istifadə üçün banklardan aldığı debet kartlardır. Bu kartlar ümumi debet kartların 65.38%-nə bərabərdir.
Hər ötən il ərzində bank kartları ilə edilən nağdsız ödəmələrin həcmində sürətli artım qeydə alınır. Belə ki, cari ilin yanvar-mart aylarında ölkədaxili aparılan nağdsız əməliyyatların həcmi 20.6 milyard (20 595 819 549) manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 27.2% və ya 4.4 milyard (4 398 861 769) manat çoxdur.
Xatırladaq ki, 2021-ci ilin I rübündə ölkədə qeydə alınan nağdsız ödənişlərin həcmi cəmi 2.08 milyard dollar təşkil edirdi. Bu o deməkdir ki, cari ilin I rübündə qeydə alınan göstərici 4 il əvvəlki ilə müqayisədə 9.9 dəfə və ya 18.52 milyard (18 518 958 591) manat artıb.
Digər maraqlı göstərici əhalinin bank kartlarındakı vəsaitini nağdlaşdırması ilə bağlı olub.
2021-ci ilin I rübündə əhali bank kartlarındakı vəsaitin cəmi 26.98%-ni nağdsız ödənişlərdə istifadə edirdisə, 2025-ci ilin I rübündə bu göstərici 67.04%-ə bərabər olub.
Cari ilin I rübündə ölkədə bank kartları vasitəsilə aparılan nağdlaşdırma əməliyyatlarının həcmi isə ümumi kart əməliyyatları həcminin 32.96%-ni təşkil edib.
Cənubi Qafqaz ölkələrinin Mərkəzi Banklarının açıqladığı rəqəmlərin müqayisəsi göstərir ki, Azərbaycan aktiv bank kartı sayına görə digər ölkələri geridə qoyub. 2025-ci ilin I rübünün sonuna olan məlumata əsasən, Azərbaycandakı aktiv bank kartlarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə 17.4% və ya 3 038 782 ədəd artaraq 20 459 910-a çatıb.
Gürcüstanda son bir ildə bank kartlarının sayı 11.4% və ya 1 021 537 ədəd artaraq 9 980 643-ə bərabər olub.
Ermənistan Mərkəzi Bankının son məlumatına əsasən, ötən ilin sonunda bu ölkədəki bank kartlarının sayı 4 327 728 ədəd təşkil edib. Bu say son bir ildə 16.3% və ya 605 676 ədəd artıb.