Büdcədən ali məktəblərə 100 milyon manat ayrılacaq

12:06 - 04 Noyabr 2025

Büdcədən ali məktəblərə 100 milyon manat ayrılacaq

2026-cı ildə ali təhsilə dövlət dəstəyi artırılacaq. Qarabağ və Azərbaycan-Türkiyə universitetlərinə xüsusi vəsait ayrılır.


Manset.az Modern-ə istinadən xəbər verir ki, məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, bəzi ali təhsil müəssisələrinin xərclərinin qismən qarşılanması üçün 100,1 milyon manat subsidiya nəzərdə tutulub. Bu məbləğ cari illə müqayisədə 4 milyon manat və ya 4,1 faiz çoxdur.

Bundan əlavə, 2025/2026-cı tədris ilindən fəaliyyətə başlayacaq “Azərbaycan-Türkiyə birgə Universiteti”nin fəaliyyəti üçün 6 milyon manat vəsait ayrılması planlaşdırılıb. Yeni universitetdə mühəndislik və tibb ixtisasları üzrə ümumilikdə 300 tələbənin təhsil alması nəzərdə tutulur.

Eyni zamanda, Qarabağ Universitetinin inkişafı üçün bu ali məktəbdə 6 istiqamət və 34 ixtisas (o cümlədən tibb ixtisası üzrə 100 nəfər) üzrə 2500-dək tələbənin, 2025/2026-cı tədris ilindən etibarən isə 4000-dək tələbənin təhsil alması və yataqxanalarda yerləşdirilməsi planlaşdırılır. Qarabağ Universitetinin 2026-cı ildə fəaliyyətinin təmin edilməsi məqsədilə 39 milyon manat vəsait nəzərdə tutulub.

Bunlarla yanaşı, ali təhsildə əlçatanlığın və keyfiyyətin artırılması, beynəlxalq rəqabətliliyin təmin edilməsi məqsədilə SABAH proqramları üzrə yeni tədbirlərin maliyyələşdirilməsi üçün 15 milyon manat vəsait ayrılması proqnozlaşdırılır. Bu göstərici 2025-ci illə müqayisədə 1,5 dəfə çoxdur.



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az