Azərbaycan ilə Tacikistan arasında əlaqələrin köklü tarixi var. Dövlət başçılarının səmimi dostluq münasibətləri və qarşılıqlı səfərləri iki ölkə arasında əlaqələrin hərtərəfli inkişafında müstəsna rol oynayır. Prezidentlər İlham Əliyev və İmoməli Rəhmon tərəfindən 2024-cü ilin 23 may tarixində Bakıda “Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə” imzalanıb.
Manset.az xəbər verir ki, ölkələrimiz arasında mədəni əməkdaşlıq da uğurla inkişaf edir.
2007-ci ildə Azərbaycanda ilk dəfə Tacikistan Mədəniyyət Günləri, 2008-ci ildə isə dost ölkədə mədəniyyət günlərimiz gerçəkləşib. Sonrakı dövrdə qarşılıqlı olaraq kitab sərgilərində iştirak, eyni zamanda iki ölkənin yaradıcı kollektivlərinin səfərləri, nəhayət, 2024-cü ilin may ayında Bakı və Gəncə şəhərlərində təşkil olunan Tacikistan Mədəniyyəti Günləri iki ölkə arasında mədəni əlaqələrin tərəqqisinin göstəricisidir.
Azərbaycanla Mərkəzi Asiyanın bu qədim ölkəsi arasında yeni mədəniyyət körpüsü qurulur. 19-22 may tarixlərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Tacikistanda keçiriləcək Azərbaycan Mədəniyyəti Günləri strateji tərəfdaş olan ölkələrimizin daha da yaxınlaşmasına, mədəni mübadiləyə yeni töhfələr verəcək.