İyulun 11-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında “Mədəni sferada jurnalistika” mövzusunda müsabiqənin qaliblərinin təltifolunma mərasimi keçirilib.
Manset.az xəbər verir ki, müsabiqə “Konstitusiya və Suverenlik İli”nə və Azərbaycan
milli mətbuatının yaradılmasının 150 illiyinə həsr olunub.
Müsabiqənin əsas məqsədi jurnalistlərin yaradıcılıq fəaliyyətinin
stimullaşdırılması, dövlət və cəmiyyət maraqlarının müdafiəsində onların
potensialından səmərəli istifadə olunması və yeni jurnalist araşdırmaları üçün
imkan yaradılmasıdır.
Qeyd edək ki, cari ilin 15 aprel tarixindən 15 iyun tarixinədək
müsabiqəyə “Konstitusiya”, “Suverenlik” və “Milli mətbuat – 150” mövzuları üzrə
məqalələr təqdim olunub.
Müsabiqəyə təqdim edilmiş materiallar Əməkdar jurnalist
Flora Xəlilzadə, BDU-nun kafedra müdiri Qulu Məhərrəmli və Azərbaycan
Jurnalistlər Birliyinin sədri Elçin Şıxlıdan ibarət münsiflər heyəti tərəfindən
yoxlanılıb və nəticələrə əsasən qaliblər müəyyən edilib.
Müsabiqənin yekunlarına əsasən I yerin qalibi “Baki-baku.az”
xəbər saytının müxbiri Kərimova Böyükxanım Aydın qızı, II yerin qalibi
“Kinobiz.az” saytının redaktoru Mehrəliyeva Dilbər Dursun qızı, III yerin
qalibi “İkisahil.az” xəbər portalının müxbiri Aslanova Yaqut Ağaşah qızı Baş
İdarənin Diplomu və pul mükafatı ilə təltif
olunublar.
Müsabiqədə iştirak edən digər iştirakçılara isə Baş İdarə tərəfindən
Təşəkkürnamələr təqdim olunub.