Aktyor Müşviq Şahverdiyevin adından istifadə edilərək süni intellekt texnologiyası vasitəsilə dələduzluq cəhd edilib.
Manset.az-ın məlumatına görə, Müşviq Şahverdiyev sosial media hesabında yayımladığı məlumatda bildirib ki, onun simasından və səsindən istifadə olunaraq insanlara qumar oyunları reklam edilib.
Aktyor vurğulayıb ki, onun videolarına süni intellektlə səs əlavə edilərək reklam məqsədilə istifadə olunub:
“Dostlar, bu vicdansızlar mənim videomun üstünə süni intellektlə səs yazıb və qumarı reklam ediblər. Təəssüf ki, bəzi insanlar bunun mənim tərəfimdən edildiyinə inanır. Amma mən 25 illik karyeram ərzində qumarın heç bir reklamında iştirak etməmişəm və onu təbliğ etməmişəm. Dostlarım və ətrafım bunu yaxşı bilir. Qumar oynayanlara da həmişə tövsiyə etmişəm ki, bu işdən uzaq durun, çünki insanı uçuruma aparır.”
O qeyd edib ki, videonun orijinalı ona məxsus olsa da, orada başqa sözlər deyilir və sonradan əlavə edilən sözlərlə insanları aldadırlar. Müşviq Şahverdiyev insanları bu tip oyunlardan uzaq durmağa çağırıb.