Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş nəqliyyat infrastrukturunun təkmilləşdirilməsini nəzərdə tutan Dövlət Proqramına əsasən 2025-2030-cu illərdə Bakı metropoliteninin genişləndirilməsi və 10 yeni stansiyanın inşası ilə bağlı işlərin icrasına başlanılıb. Bəs hal-hazırda işlər hansı mərhələdədir? Yeni stansiyasının tikintisi nə vaxt başa çatacaq?
Mövzu ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov Manset.az-a bildirib ki, indiki mərhələdə stansiyaların yerləşəcəyi məkanlar, yeraltı xətlərin, tunellərin keçəcəyi ərazilər dəqiqləşdirilir:
"Bu istiqamətdə aparılan işlərin müəyyən hissəsi yekunlaşmaqdadır. Yaxın vaxtlarda stansiyaların inşası üçün seçilmiş ərazilər və növbəti mərhələdə planlaşdırılan fəaliyyətlərlə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək".
O qeyd edib ki, yeni stansiyalar əsasən şəhərin mərkəzində və nəqliyyat axınının daha sıx olduğu ərazilərdə yerləşəcək:
"Hazırda Bənövşəyi xəttin Heydər Əliyev adına İdman-Konsert Kompleksi ilə 1 saylı Kliniki Tibbi Mərkəz arasında – Cəlil Məmmədquluzadə küçəsində yerləşən və şərti adı “B-04” olan stansiyasında tikinti işləri davam etdirilir və 2026-cı ildə tamamlanması nəzərdə tutulur".
Seyranə Quliyeva